Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhər həyat tərzi ənənəvi sosial münasibətlərə necə təsir edir?” mövzusunda debat keçirilib.

  • Post category:MSU News

15 may 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq təşkil edilən debat müasir urbanizasiya proseslərinin cəmiyyətin sosial münasibətlər sisteminə təsirinin elmi-praktik müstəvidə müzakirəsinə həsr olunub.

Tədbirdə MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Natəvan Namazova, Pedaqoji fakültənin dekan müavini, dosent Aygün Qədirova, Pedaqogika və psixologiya kafedrasının pofessor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin açılışında dosent Natəvan Namazova çıxış edərək şəhərsalma siyasətinin yalnız infrastruktur inkişafı ilə məhdudlaşmadığını, eyni zamanda milli-mədəni dəyərlərin və sosial həmrəyliyin qorunmasını da prioritet istiqamət kimi müəyyən etdiyini vurğulayıb.

Debat çərçivəsində tələbələr iki komanda şəklində çıxış edərək şəhər həyatının ənənəvi sosial münasibətlərə təsiri ilə bağlı fərqli yanaşmaları arqumentlər əsasında təqdim ediblər. Təsdiq edən komanda urbanizasiya prosesinin ailə və icma münasibətlərini zəiflətməsi fikrini müdafiə etdiyi halda, inkar edən komanda şəhər həyatının sosial münasibətləri transformasiya etdiyini, lakin onların mahiyyətini tamamilə aradan qaldırmadığını əsaslandırmağa çalışıb.

Diskussiya zamanı iştirakçılar sosial dinamika, şəhər mədəniyyəti, kommunikasiya formalarının dəyişməsi və müasir cəmiyyətin sosial inteqrasiyası kimi məsələlərə toxunaraq mövzuya multidissiplinar yanaşma nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi tələbələrdə tənqidi düşüncə, analitik təhlil, arqumentasiya və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda urbanizasiya və sosial münasibətlər arasındakı qarşılıqlı əlaqələrin elmi əsaslarla müzakirəsinə şərait yaratmaq olub.

Debat iştirakçıların yüksək fəallığı və maraqlı fikir mübadiləsi şəraitində başa çatıb.