Şəhid ailələri üzvləri ilə görüş keçirilib

2022-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov şəhid ailələrinin üzvləri ilə görüşüb. Görüşdə MDU-nun şəhid məzunları Kənan Abdullayev, Əzəmi Hüseynov və hazırda iki övladı bu ali təhsil müəssisəsində təhsil alan şəhid Yasən Əhmədovun  ailə üzvləri iştirak ediblər.

Görüşdə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə anılıb. 44 günlük Vətən Müharibəsində şanlı Zəfəri xalqımıza bəxş edən igid əsgər və zabitlərimizlə qürur duyulduğu bildirilib. Qeyd edilib ki, tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhdilik zirvəsinə ucalıb. Həmçinin, MDU-nun bir məzunu bu ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, mərdlik və igidlik göstərmiş qəhrəman tələbə və məzunlarımızın ölkə başçısı tərəfindən müvafiq orden və medallarla təltif olunduğu diqqətə çatdırlıb.

Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərin göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və onlarla universitetdə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.