Mingəçevir şəhərinin 75 illik yubileyi və Energetiklər Günü qeyd olunub

2023-cü ilin oktyabrın 20-də “Azərenerji” ASC, Mingəçevir şəhər İcra Hakmiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyi və Energetiklər Gününə həsr olunmuş “Azərbaycanın enerji təminatında Mingəçevirin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. “Azərbaycan İES” MMC-nin ev sahibliyi ilə keçirilən konfransda şəhər ictimaiyyəti nümayəndələri, energetiklər, MDU-nun bir qrup professor-müəllim heyət üzvü və tələbələri iştirak edib.

Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin abidələri ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərimizin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra, “Müstəqil energetikanın banisi – Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin Energetiklər Günü münasibətilə ünvanladığı təbrik məktubu səsləndirilib.

Tədbirin açılışında “Azərenerji” ASC-nin Nəzarət idarəsinin rəisi Səməd İslamov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və MDU-nun rektoru Şahin Bayramov çıxış edərək energetikləri peşə bayramları münasibətilə təbrik ediblər. Açılış nitqlərində Azərbaycanda energetikanın keçdiyi inkişaf yolu, Ümummilli lider Heydər Əliyevin milli energetikanın inkişafında misilsiz xidmətləri və Prezident İlham Əliyevin uğurlu enerji siyasəti, gələcək hədəflər, energetika sahəsində kadr hazırlığının mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verilib.  

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova “Azərbaycanın müstəqil elektrik enerjisi sənayesinin qurulmasında Ümummili lider Heydər Əliyevin tarixi rolu” və Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Cemal Yılmaz “Enerjinin mədəniyyətə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkdirilib.