Şahin Bayramov: Ulu Öndərin milli energetikanın inkişafına verdiyi töhfələr misilsizdir (AZƏRTAC)

AZƏRTAC, 20.10.2023

Danılmaz həqiqətdir ki, Ulu Öndərin milli energetikanın inkişafına verdiyi töhfələr misilsizdir. Azərbaycanda Energetiklər Günü kimi qeyd olunan 20 oktyabr tarixi də məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, 42 il bundan əvvəl Ulu Öndərin uzaqgörən təşəbbüsü və rəhbərliyi sayəsində tikilən “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verilməsi ilə respublikamızın energetika tarixində yeni mərhələnin əsası qoyulmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əgər vaxtilə “Azərbaycan” İES tikilməsəydi, müstəqillik dövründə respublikamız enerji təchizatında çox ciddi problemlərlə üzləşə bilərdi”.

Hazırda Ümummilli Liderimizin siyasi kursunu layiqli şəkildə davam etdirən dövlət başçımızın həyata keçirdiyi enerji siyasəti nəticəsində respublikamızın enerji sistemi müasir tələblər səviyyəsində yenidən qurulmuş və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonalarına çevrilməsi istiqamətində atılan mühüm addımlar, Mingəçevir şəhərində inşa olunacaq 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanın enerji istehsalı və ixracı potensialının gücləndirilməsinə və davamlı inkişafına hədəflənmişdir.

Ş.Bayramov qeyd edib ki, Azərbaycan energetikləri ölkəmizin elektrik enerjisi ilə dayanıqlı, fasiləsiz və keyfiyyətli təmin edilməsi işində yüksək əzmkarlıq və peşəkarlıqla çalışırlar, aparılan genişmiqyaslı işlərə, o cümlədən işğaldan azad edilmiş bütün rayonların sürətlə dirçəldilməsi tədbirlərinə əhəmiyyətli töhfələr verirlər: “Ölkəmizdə energetika sahəsində çalışan insanların fədakar əməyinə dövlət tərəfindən hər zaman yüksək dəyər verilir. Dövlət başçısının 2004-cü il tarixli müvafiq Sərəncamı ilə respublikamızda energetiklərin peşə bayramının təsis edilməsi bunun bariz nümunələrindən biridir”.

“Milli energetikamızın davamlı inkişafına töhfə verə biləcək yüksəkixtisaslı energetik mühəndislərin hazırlanması məsuliyyətini dərk edərək Mingəçevir Dövlət Universiteti sənayedən olan tərəfdaşları ilə birlikdə bu istiqamətdə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi, elmi tədqiqatların nəticəyönümlüyünün təmin edilməsi və innovativ təşəbbüskarlığın həyata keçirilməsi üçün qarşıya mühüm hədəflər və ciddi vəzifələr qoymuşdur. Energetiklərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıram”, – deyə MDU-nun rektoru əlavə edib.