Mingəçevir Dövlət Universiteti Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş respublika konfransında fəal təmsil olunub

Mingəçevir Dövlət Universiteti Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş respublika konfransında fəal təmsil olunub

 

29 oktyabr 2021-cil il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) akademik heyət üzvləri Naxçıvan Dövlət Universitetində (NDU) “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda keçirilən respublika elmi konfransında iştirak ediblər.

“Cisco Webex” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan NDU-nun rektoru Elbrus İsayev Nizami Gəncəvi yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan, dahi mütəffəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələrdən və onun zəngin irsinin təbliği məsələlərindən bəhs edib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Sonra konfransın plenar iclasının məruzələri dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edib. Nizaminin məşhur “Xəmsə”sinə daxil olan poemalara istinad edərək E.Cəfərova dahi şairin əsrarəngiz əsərlərində tərənnüm olunan multikulturalizm ruhu, yüksək tolerantlıq və mədəni plüralizm motivləri, eləcə də mədəni müxtəlifliklərə təbii münasibət və əksliklərin mütləq vəhdəti məsələlərini şərh edib. Bildirilib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə və ədəbiyyatına ölməz incilər bəxş edib. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.

Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”,  “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında MDU əməkdaşlarından Aygün İsmayılova “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq və türkçülük”, Ayna Babazadə “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Svetlana Nəsibli “Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığında insan konsepsiyası”, Səadət Ağakişiyeva “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında insanın mənəvi təkamülü” və Leyla İsmayılzadə “Nizami Gəncəvinin əsərlərində riyazi fikirlər” mövzularında çıxış ediblər.

Qeyd edək ki, MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=735|limitstart=0|limitcount=0}