Mingəçevir Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

 

30 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbirdə MDU-nun tələbə gəncləri yola saldığımız 2020-ci təqvim ili ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən əlamətdar hadisələrdən danışıblar, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Vətən Müharibəsində əldə edilən tarixi Qələbədən sonsuz fəxarət və sevinc hissləri keçirdiklərini bildiriblər.

Qeyd edilib ki, 44 günlük Zəfər yürüşündə bütün Azərbaycan xalqının, o cümlədən gənclərin Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi sıx birləşməsində, sarsılmaz dövlət, xalq və ordu birliyinin nümunəsində bariz formada özünü göstərən həmrəyliyimiz şanlı qalibiyyətimizin əsas komponentlərindən birini təşkil edir.

MDU ailəsinin üzvləri olaraq tələbə, məzun və əməkdaşların həm ön cəbhədəki döyüşlərdə, həm də arxa cəbhədəki informasiya müharibəsində və dəstək tədbirlərində yüksək həmrəylik nümayiş etdirməsi və fəal iştirakından qürur duyulduğu bildirildi.

Qlobal pandemiya şəraitində ölkəmizdə COVİD-19 infeksiyasına qarşı mübarizə sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat işlərinə, sosial dəstək aksiyalarına aktiv cəlb olunan tələbələrin fəaliyyəti yüksək qiymətləndirildi.

2020-ci ilin “Könüllülər ili” olduğunu diqqətə çatdıran tələbə gənclər istər ölkə, istərsə də region miqyasında keçirilən könüllülük təşəbbüslərinə qoşulmaqdan məmnun olduqlarını və bu iştirakçılığın onların fərdi inkişafında mühüm rol oynadığını vurğuladılar.

Mövcud reallıqların doğurduğu çətinliklərə baxmayaraq, universitetdə tələbə həyatının davamlılığının təmin edilməsi, onların problemlərinin həlli, bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və digər istiqamətlərdə görülən işlərdən razılıqlarını bildirən gənclər yaradılan şəraitə görə MDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda rektor Ş.Bayramovun MDU-nun tələbə gənclərinə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriki çatdırılıb.

{phocagallery view=category|categoryid=494|limitstart=0|limitcount=0}