Mingəçevir Dövlət Universitetində “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib

 

22 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı və rəqabətqabiliyyətli iqtisadiyyat: Milli Prioritetlər və strateji hədəflər” mövzusunda elmi seminar keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən seminarı giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində qazanılan tarixi zəfərdən sonra ölkəmizin inkişafında yeni dövrün başlandığını qeyd edib.

Dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq qarşıda dayanan strateji hədəflərdən bəhs edən rektor seminarın aktual mövzuya həsr edildiyini bildirib. Növbəti onillik ərzində ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında yüksəkixtisaslı kadrların və nəticəyönümlü tədqiqatların əhəmiyyətini vurğulayan Ş.Bayramov ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən və universitetlərin verə biləcəyi töhfələrdən danışıb.

MDU-nun prorektor əvəzi Veysəl Əyyubov “Milli iqtisadiyyatın inkişafının strateji hədəfləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kontekstində” mövzusunda, kafedra müdiri Emiliya Hüseynova “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və iqtisadi fəaliyyətə reinteqrasiya” mövzusunda, baş müəllim Günəş Şəfaqətov “İnklüziv sosial inkişafın təmin edilməsi perspektivləri”, müəllimi Xəyalə Xəlilova “İnnovativ yanaşma əsasında rəqabətli insan kapitalının formalaşdırılması” mövzusunda, müəllim Aysel Qocayeva “Ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi yolları” mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələrdə son dövrdə ölkəmizin dinamik, dayanıqlı, rəqabətqabiliyyətli və tarazlı sosial-iqtisadi inkişafından, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsindən, yeni dövrün milli prioritetlərindən, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət tədbirlərindən, daimi məskunlaşma və reinteqrasiya perspektivlərindən, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğundan, insan kapitalının inkişafından, yüksək keyfiyyətli ətraf mühitin təmin edilməsindən və dayanıqlı inkişafı əhatə edən digər məsələlərdən bəhs edilib.

Maraqla dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb və seminar iştirakçılarının çoxsaylı suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi strateji hədəflərindən biri kimi müəyyən edən MDU-da ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasına töhfə verə biləcək səmərəli elmi tədqiqatların həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=573|limitstart=0|limitcount=0}