Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində respublika

elmi konfransı keçirilib

 

Mingəçevir Dövlət Universitetində “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunub.

Konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirin təşkil olunmasında əsas məqsədin hazırki mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılmasından, eləcə də mövzu üzrə müasir yanaşmalar və yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarət olduğunu bildirib. Elmi konfransa böyük maraq göstərildiyini qeyd edən Ş.Bayramov doqquz elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olduğunu diqqətə çatdırıb.

Konfransın plenar iclasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “İctimai-siyasi proseslərin inkişafında postmodern şəxsiyyətin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Mövzu ilə bağlı müasir elmi yanaşmalardan bəhs edən İ.İsmayılov müasir cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyət amili barədə ətraflı məlumat verib. Ümummilli lider Heydər Əliyevin postmodern şəxsiyyətlər arasında müstəsna yer tutuduğunu vurğulayan İ.İsmayılov dahi şəxsiyyətin müasir Azərbaycan cəmiyyətinin uzunmüddətli və davamlı inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışıb. İ.İsmayılov XXI əsrdə Azərbaycanın yeni dövrün tələblərinə uyğun hərtərəfli tərəqqisinin təmin olunmasında ölkə başçısı cənab İlham Əliyevin həlledici rolundan bəhs edib.

“Müasir dünyanın multikultural xarakteri: mövcud vəziyyət və Azərbaycan reallıqları” mövzusunda məruzə edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov müasir dünyada daimi sülh, davamlı tərəqqi və qarşılıqlı anlaşma mühitinin formalaşması və dayanıqlı inkişafın təmin olunması zərurəti nəticəsində yaranan multikulturalizm fenomeni barədə ətraflı məlumat verib. Ş.Bayramov cəmiyyətlərin hansı istiqamətlərdə inkişaf etməsindən asılı olmayaraq multikultural dəyərlərin və prinsiplərin təsir mexanizmlərini qoruyub saxladığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin hələ XX əsrin 60-cı illərində multikulturalizmin alternativsiz olduğunu bəyan etdiyini vurğulayan Ş.Bayramov dahi rəhbərin tolerantlığı və multikulturalizmi müstəqil Azərbaycanın demokratik inkişafının əsas tərkib hissəsi hesab etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında artıq tarixi həqiqətə çevrilmiş Azərbaycan multikulturalzminin xüsusiyyətlərindən bəhs edən Ş.Bayramov 2016-cı ilin ölkəmizdə “Miltikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən danışıb. O, düşünülmüş və uzaqgörən dövlət siyasətinin nəticəsi olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş postmodern, tolerant və multikultural Azərbaycan cəmiyyətinin gündən-günə qüdrətləndiyini bildirib.

“Qloballaşma şəraitində dinin cəmiyyətdə yeri və rolu” mövzusunda məruzə edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müasir Azərbaycan cəmiyyətində dinin əhəmiyyətindən və bu sahəyə göstərilən yüksək dövlət qayğısından bəhs edib. Dini fəaliyyətin idarə edilməsi sahəsində bir sıra ölkələrdə mənfi təcrübənin mövcudluğunu vurğulayan C.Məmmədov ölkəmizdə müşahidə olunan dözümlülük və milli-mənəvi dəyərlərə göstərilən yüksək diqqət barədə ətraflı məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyəti, sağlam nəslin yetişdirilməsinin vacibliyi, dini sahədə maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunan C.Məmmədov müasir Azərbaycan cəmiyyətində dinlərarası dialoqa, tolerantlığın inkişafına və birgəyaşayış normalarının təmin olunmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

“Müasir dövrdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasında şəxsiyyət, cəmiyyət və dövlət amilləri” mövzusunda məruzə ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektor əvəzi professor Veysəl Əyyubov milli iqtisadi inkişafımızın xarakterik xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli konfransın əhəmiyyəti və aktuallığı barədə danışıb, mövzu üzrə müasir nəzəri yanaşmalar və praktiki təcrübələr haqqında ətraflı məlumat verib.

Konfrans çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu adından Mingəçevir Dövlət Universitetinə hədiyyələr təqdim olunub.

Konfrans işini üç bölmədə (Hümanitar; İqtisadiyyat və idarəetmə; Texnika və Ekologiya) davam etdirib.

Konfransın təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət komandası fəal iştirak edib.

Respublika elmi konfransın materialları məcmuə şəklində çap olunacaqdır.

{phocagallery view=category|categoryid=266|limitstart=0|limitcount=0}