Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb

 

2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup mingəçevirli tələbə və magistrantla görüş keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşü açan BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev tədbirin MDU-nun təşəbbüsü ilə keçirildiyini bildirib və son dövrlərdə iki universitet arasında davamlı inkişaf edən əməkdaşlıqdan danışıb. Hüquq fakültəsi tələbələri ilə belə bir tərkibdə görüşün ilk dəfə keçirildiyini vurğulayan Ə.Əliyev tanışlıq məqsədi daşıyan tədbirin gələcək məzunların akademik sahədə peşəkar fəaliyyəti baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov ölkə başçısı tərəfindən ali təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. O, yeni dövrün universitetinə çevrilmək yolunda sürətlə irəliləyən MDU-nun Mingəçevir şəhərinin və ətraf regionun hərtərəfli inkişafına töhfə verməyə çalışdığını bildirib. Qarşıya qoyulan hədəflərə çatmaq üçün BDU və digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmini vurğulayan rektor təmsil etdiyi universitetin kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Orta təhsilini Mingəçevir şəhərində başa vuran və yüksək bal toplayaraq ölkəmizin flaqman universitetinin nüfuzlu ixtisasına qəbul olan tələbə gənclərlə görüşdən məmnunluğunu ifadə edən Ş.Bayramov yüksək intellektli və müasir dünyagörüşlü gənclərin MDU-da karyera inkişafı üçün yaradılan imkanlardan danışıb. Tədbirin təşkilinə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən rektor Hüquq fakültəsində təhsil alan mingəçevirli gənclərin MDU-nun modernləşməsinə töhfə verəcəklərinə əminliyini bildirib.

Çıxış edən tələbə və magistrantlar səmimi formatda keçən görüşdən razı qaldıqlarını və təklif olunan imkanlardan faydalanmağa çalışacaqlarını qeyd ediblər.