Mingəçevirdən dünyaya boylanan universitet (“Mingəşevir işıqları, 20.07.2021”)

Mingəçevirdən dünyaya boylanan universitet

Mingəçevir işıqları, 21.07.2021

Hədəf bölgədəki ali məktəbi tezliklə paytaxt və dünya səviyyəli təhsil ocağına çevirməkdir

MDU son iki ildə milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendlərinə, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlara səs verir.

Orta məktəb bazasında ali məktəb

30 il qabaq Mingəçevirdə ali məktəb açılanda ümid edirdik ki, bu, həm şəhərimizdə, həm də ətraf bölgələrimizdə dayanıqlı inkişafa, elmi tədqiqata və dəyişikliyə gətirəcək. O zaman orta məktəb binasını (hələ də universitet o binada yerləşir) uyğunlaşdırmaqla vəziyyətdən çıxmağa çalışdılar. Professor-müəllim heyəti də elə orta məktəblərdən, bir də fəaliyyəti dayanmaqda olan sənaye müəssisələrindən gəldi. Bakıdan isə müəllimləri heç də əhəmiyyətli tədqiqatlarına görə deyil, sadəcə elmi titullarına görə dəvət edirdilər.

Əsası 1991-ci ildə qoyulmuş universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərdi. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə MPİ-nin bazasında Mingəçevir Dövlət Universiteti (MDU) yaradıldı.

Şəhərin ilk ali təhsil ocağına yaranandan ta son iki ilə qədər tədris işləri üzrə prorektor təyin olunan Akif Hacıyev rəhbərlik edib. Akif müəllim Sovetlər dövründə Mingəçevir Politexnik Texnikomunun direktoru olub, pedaqoji sahədə müdafiə edib. Bəlkə istəsəydi, texniki-iqtisadi sahədə də namizədlik, hətta doktorluq dərəcəsi ala bilərdi. Məhz onun səyi bahasına Mingəçevir Politexnik İnstitutuna götürülənlərin müəyyən hissəsi az zamanda öz ixtisası üzrə doktorantura təhsili alıb. Beləcə yerli ali məktəb kadr baxımından tam olmasa da, qismən formalaşa bilib.

Adətən Təhsil Nazirliyinin, digər mərkəzi qurumların toplantılarında universitetlərin müsbət fəaliyyətindən və problemlərindən danışılanda nədənsə MPİ yada düşmürdü. Sanki ölkədə belə bir ali məktəb yox idi. Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşavirinin dediyi kimi: “Mən son iki ildə bilmişəm ki, Mingəçevirdə universitet var”.

28 ildən sonra rektor təyinatı

Ölkə başçısının 31 iyul 2019-cu il tarixli sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edildi. Bu vəzifəyə qədər o, Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini, ondan 2 il öncəyədək isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifələrində çalışıb. 2011-ci ildə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri” mövzusunda dissertasiyanı müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Ş.Bayramov 2015-ci ildə ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilib. O, 11 avqust 2015-ci ildən 10 iyun 2016-cı ilədək ABŞ-da Penn Dövlət Universitetində Ali təhsilin idarəedilməsi ixtisası üzrə təhsil alaraq, proqramı uğurla başa vurub, 2016-cı ildə ABŞ-ın Kornell Universitetində təcrübə keçib.

Ş.Bayramov qısa müddətdə dünyanın müxtəlif ölkələrində təlim və seminarlara qatııb. 2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda (Tədbirə Avropadan qoşulan yeganə nümayəndə kimi) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki bilgilər qazanıb.

2016-cı ilin fevralında ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında “Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Burada ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Sonra Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.

Vəziyyət necə dəyişir?

Dünya təhsilini öyrənən və bu imkanları Azərbaycana gətirməyə çalışan Şahin Bayramovun Mingəçevirə gəlişi vəziyyəti kökündən dəyişib. İki il arxaya baxanda bunlar apaydın görünür.

Bu yaxınlarda söhbət əsnasında Şahin müəllim universitetin tanıdılmasına mühüm önəm verdiyini bildirdi və vurğuladı: “İlk gündən qərara aldıq ki, bütün orta məktəblərlə, idarələrlə qarşılıqlı faydalı əlaqə quraq. Qısa müddətdə vəziyyət dəyişdi…”

Müsahibimiz başqa maraqlı məqamı da diqqətimizə çatdırdı: “Kollektiv üzvlərinə deyirəm ki, biz yenilikləri haradan və necə öyrənməliyik?…Buna görə onların ölkəmizdə və xaricdə keçirilən çoxsaylı tədbirlərə qatılmağına ona görə önəm verirəm ki, bu yolla həm inkişaf etmək, həm də universtetimizi tanıtmaq olur.”

Şahin müəllimin dediyinə görə, MDU-nun nümayəndələri tez-tez müxtəlif yerli tədbirlərə dəvət olunur: “Bir gün mənə dedilər ki, hansısa tədbirdə bir müəllim və 30 tələbənin iştirakı arzulanır. Maraqlandım ki, mövzu nədir, bizim rolumuz nə olacaq? Məqsəd odur ki, tədbirlərə sadəcə iştirakçı yerini doldurmaq xatirinə qoşulmyaq. Xahiş etdik ki, mövzunu deyin, ona uyğun kontingent göndərək. Əgər söhbət iqtisadi məsələlərdən gedirsə, ora ədəbiyyatçıları göndərmək mənasızdır. Həm də xahiş etdik ki, tədbirdə bizim müəllimlərə və tələbələrə də çıxış etmək imkanı yaradın”.

Oriyentasiyadan başlayaraq…

2019-cu ilin 13 sentyabrında MDU-da ilk dəfə olaraq yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçirildi. Dünyanın əksər universitetlərində ənənəvi təşkil olunan bu günün  məqsədi yeni qəbul olunan tələbələri universitetlə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat verməkdir. Bir neçə gün sonra isə birinci kurs tələbələrinin valideynləri universitetə dəvət olundu. Beləcə, MDU-nun yeni ailələrinin təhsil evinin içi ilə tanışlığı başlandı.

Həmin ilin sentyabr ayından etibarən universitetin əməkdaşları Bakıda keçirilən Beynəlxalq “Bolonya əməkdaşlıq forumu”na, Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına, Xəzər Universitetində baş tutan “Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” və digər çoxsaylı tədbirlərə qatıldılar. Elmi Şuranın fəaliyyətinə tələbələrin aktiv şəkildə cəlb edilməsinə start verildi. “Gənc Tədqiqatçılar üçün Open Academy” adlı layihə üzrə seminarlar təşkil olundu, bir qrup tələbə Təhsil Nazirliyinin pedaqoq peşəsinin önəmini artırmağa xidmət edən “Gələcəyin müəllimi” təqaüdünə layiq görüldü. Onlarla tələbə isə “ASAN xidmət”də  könüllülük fəaliyyətinə cəlb olundu. MDU-da İctimai Nəzarət Şurasının yaradılması, “Açıq qapı” günlərinin keçirilməsi, rektorun tələbələrlə görüşləri, “Peşəkarla görüş” layihəsinə başlanması 2019-cu ilin ən əhəmiyyətli hadisələri hesab oluna bilər.

2020-ci ildən icra edilən “İmtahan könüllüsü” layihəsi çərçivəsində tələbələr imtahanlara evdən qoşulan müəllimlərə və tələbələrə texniki və təşkilati baxımdan köməklik göstərirlər. Könüllü tələbələr informasiya-kommunikaya vasitələrinin geniş tətbiqi ilə keçirilən imtahan prosesində İmtahan Qərargahının, Tədris şöbəsinin, dekanlıqarın və Appelyasiya Komissiyasının çevik və səmərəli fəaliyyət göstərməsində yaxından iştirak edirlər.

Mübadilə proqramları işə düşdü

Sürətlə dəyişən və qlobal xarakter alan əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığında beynəlxalq tələbə və müəllim mübadiləsi xüsusi önəm daşıyır. İndi MDU-nun əksər tələbə və müəllimləri hesab edirlər ki, paralel şəkildə həm Azərbaycanın, həm də dünyanın başqa universitetlərində təhsil almaq və tədris etmək imkanları var. Son 2 ildə MDU-nun tələbələri Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Unversitetində təhsil alıblar. Yaxın zamanda Litvanın Mikolas Romeris, Türkiyənin Qazi Universiteti, Hacı Bayram Vəli Universiteti ilə də tələbə və müəllim mübadiləsinə start verilməsi nəzərdə tutulub. Bütün bunlar qarşılıqlı əməkdaşlıq haqqında sənədlərin imzalanması sayəsində mümkün olub.

Əməkdaşların bilik və bacarıqlarının artırılmasına verilən önəmin nəticəsi olaraq, MDU-nun bir gənc əməkdaşı ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Miçiqan Universitetinin  “Proqramlaşdırma” mövzusunda keçirilən təlim kursunda uğurla iştirak edib. Dünyanın qabaqcıl Coursera online təhsil platformasında təqdim olunan 7 həftəlik kursda iştirakın əsas məqsədi Python proqramlaşdırma dilinin əsaslarını öyrənmək, müxtəlif alqoritmik məsələləri bu proqramlaşdırma dilindən istifadə etməklə həll etmək və müvafiq praktiki nümunələrin tədbiq edilməsini mənimsəməkdən ibarətdir.

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight MDU-da çoxsaylı təlimlər keçib və 2 semester dərs prosesinə cəlb olunub. Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyi Mingəçevir Dövlət Universiteti və Siegen Universiteti tərəfindən hazırlanmış birgə layihənin maliyyələşdirilməsinə razılıq verib. “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlimlərin keçirilməsini nəzərdə tutan layihə 2020-ci ilin oktyabr-dekabr aylarında uğurla icra edilib.

Xaricdə təhsil almış gənclərin Azərbaycana, o cümlədən Mingəçevirə qayıtması da təqdirəlayiq hal hesab olna bilər. 2018-ci ildə İtaliyanın La Sapienza Roma Universitetinin “İnkişaf və Beynəlxalq Əməkdaşlıq Elmləri” magistr proqramı üzrə məzunu olan mingəçevirli gənc MDU-nun Beynəlxalq əməkdaşlıq ofisində fəaliyyətə başlayıb.

Şahin Bayramov yenə beynəlxalq tədbirlərdə

2020-ci il noyabrın 19-da Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilirdi. Tədbirdə EHEA-ya qoşulmuş 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev də iştirak etdi. Tədbirə MDU-nun rektoru Şahin Bayramov da qoşuldu. Tədbirdə çıxış edən E.Əmrullayev ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan söz açdı. İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edildi. Qeyd olundu ki, növbəti 10 illikdə EHEA-nın inkişafının üç əsas dəyər və hədəf üzərində qurulması nəzərdə tutulur: ali təhsilin inkluzivliyi (sosial inkluzivlik), innovativlik, əməkdaşlıq və mobillik.

Bir həftə sonra – noyabrın 27-də MDU-nun rektoru “Kəmər və Yol Universitetləri Alyansı”nın növbəti konfransında idi. Çin Xalq Respublikasının Lanzhou Universiteti və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan tədbirə 17 ölkədən 60-ya yaxın universitet rektoru qatılmışdı. MDU rektorunun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.

Bundan əvvəl isə, 2019-cu ildə MDU rektoru Bolonya prosesi üzrə İşçi Qrupunun Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən növbəti iclasında, Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan Avropa ali təhsil ekspertləri forumunda, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Rusiya-Azərbaycan Regionlararası əməkdaşlıq forumunda iştirak etmişdi.

Əyani tədrisdən onlayn dərslərə

COVİD-19 virusu ilə bağlı əksər təşkilatlar fəaliyyətini uzun müddətə dayandırsa da, MDU-da həyat əvvəlki axarı ilə davam etdi. Həm təhsil, həm də əksər tədbirlər onlayn müstəviyə keçirildi, fasilələrə yol verilmədi. 2020-ci ilin martından tədris prosesində davamlılığın təmin edilməsi üçün universitetdə dərslərin online və offline rejimdə təşkilinə başlandı. Bu məqsədlə “ZOOM” platforması və “Videodərslər” kimi distant təhsil texnologiyalarının imkanlarından istifadə edildi. Sistemin həm kompyuter, həm də mobil tətbiqinin olması tələbələrin video-konfranslara qoşulmasını asanlaşdırdı. Müəyyən edilmiş cədvəllər əsasında keçirilən dərslərin təşkilinə tyutorlar fəal şəkildə cəlb olundular. Eyni zamanda, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan videodərslər offline rejimdə Youtube kanalı vasitəsilə tələbələrin istifadəsinə verildi.

Məhz bu nəticələrə görə, mektebgushesi.az internet portalının “Mövcud durumda hansı universitet distant təhsil sınağından uğurla çıxır” sorğusunda MDU 7-ci sırada qərarlaşdı. Mövcud tələbə və müəllim sayı da nəzərə alınmaqla, əldə olunan göstərici karantin şəraitində MDU-da tədrisin məsafədən tədrisi sahəsindəki real vəziyyətə adekvatdır. Ötən ilin mayında ölkəmizin 40 ali təhsil müəssisəsini əhatə edən sorğuda 25662 şəxs iştirak edib.

İki düşmənə qarşı mübarizədə

MDU kollektivi 44 günlük 2-ci Qarabağ müharibəsində və koronavirusun tüğyan etdiyi aylarda  həmrəylik nümayiş etdirib. Onlar “Əsgərə Məktub”, “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir”, “Həkimlərimizə məktub yazaq”, “Evdə Qal, Evdə Yarat” təşəbbüslərinə start verib, şəhid ailələrinə və xüsusi risk qrupuna daxil olan ailələrə mütəmadi baş çəkiblər.

Yeri gəlmişkən, ötən ilin sentyabr-noyabr aylarında gerçəkləşən və hər birimizə sonsuz sevinc və fəxarət hissləri bəxş edən tarixi zəfər yürüşünə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunları qatılıb. MDU-nun beş məzunu şəhdilik zirvəsinə ucalıb. Şərəfli döyüş yolu keçmiş MDU ailəsinin qəhrəman üzvlərinin həyat hekayələrinin işıqlandırılması, tələbə gənclərə aşılanması istiqamətində müvafiq işlər aprılır. Bu ilin aprel ayında universitetin strukturunda yeni qurum – Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi (TVİM) yaradılıb. 44 günlük Vətən Müharibəsində şəhid olan MDU-nun məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Mərkəzin koordinatoru vəzifəsinə işə qəbul edilib.

İstehsalat təcrübəsi qazanmaq üçün

2020-ci ilin martında Mingəçevir Dövlət Universiteti ilə Kapital Bank arasında potensial əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirildi. Bu ilin mayında isə “Kapital Bank” ASC-nin Mingəçevir filialı ilə birgə əməkdaşlıq çərçivəsində MDU-da təhsil alan bir qrup tələbə və magistranta smart tələbə kartı təqdim olundu. Smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxili və xarici ödənişləri həyata keçirə bilirlər.

Eyni zamanda, gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, universitetə, kitabxanaya və oxu zallarına giriş zamanı, ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulub. Çoxlu sayda funksiyaları və yeni əlavə imkanları özündə cəmləşdirən smart tələbə kartları ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin davamıdır.

Bu gün MDU-nun tələbələrinə Mingəçevir Sənaye Parkı və Azərbaycan İES-də istehsal prosesində iştirak imkanı da yaradılıb. Tələbələr “Tufandağ” xizək qış-yay istirahət kompleksində təlim səfərində olublar.

Yeni üfüqlər açılır

Son 2 ildə MDU-da gerçəkləşən tədbir və əhəmiyyətli görüşlərin adlarını sadalasaq, uzun bir siyahı alınar.  Məsələn, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Mingəçevir Dövlət Universitetində karyera mərkəzinin yaradılmasına dəstək göstərməsi universitetin həyatında ciddi hadisə hesab olunur. “AzAstro” startapının təsisçisi və icraçı direktoru Həsən Quliyev ilə görüş, Qazi Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə əməkdaşlıq sazişinin imzalanması və bundan öncə həmin universitetlə birgə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə MDU arasında Anlaşma Memorandumunun  imzalanması, müxtəlif KİV-lərin universitet rəhbəri və əməkdaşlarının məqalələrinə tez-tez və geniş yer ayırması, hətta bəzi monoqrafiyaların xaricdə çap olunması diqqətdən kənarda qalmır.

Müxtəlif ölkələrin səfirlərinin, Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərlərinin, tanınmış fotojurnalist Rza Diqqətinin universitetə gəlişi də maraq doğuran hadisələrdəndir. Ötən ilin fevralında “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi üzvlərinin iştirakı ilə MDU-da “Məzunlar danışır – Mingəçevir” adlı tədbir keçirilib. Bu ilin mart ayında isə MDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Hacı Bayram Veli Universiteti, Qazi Universiteti, Yıldız Teknik Universiteti və KTO Karatay Universitetini ziyarət edib, əməkdaşlıqla bağlı protokollar imzalayıb. MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində silsilə mühazirələr keçirilib.

Paytaxt və dünya səviyyəli ali təhsil müəssisəsinə çevrilmək

MDU yerləşdiyi regionda əsaslandırılmış və inamlı addımlar atmaqla, əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verməyə çalışmaqla ümumi ekosistemə birbaşa təsir  imkanı qazanır. Bu da universitetin populyarlığını və cəlbediciliyini artırır.

2020/2021-ci tədris ilində MDU-da iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakultənin, 10 kafedranın mövcud olduğu məktəbdə 2700-dən artıq tələbə və magistrant təhsil alıb. 7 tələbə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Hazırda 300-dən artıq əməkdaşı olan universitetdə 185 professor-müəllim heyət çalışır. Onlardan 61-i müvafiq istiqamətlər üzrə elmi dərəcəyə, 41-i isə elmi ada malikdir. Bu mütəxəssislər müasir tədris texnologiyalarını, innovativ təlim metodları və çevik universitet idarəetmə mexanizmlərini tətbiq etməklə, MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirməsinə, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfə verməsinə çalışırlar. Hədəf qısa müddətdə MDU-nu paytaxt və dünya səviyyəli ali təhsil müəssisəsinə çevirməkdir.

Fərman Nəbiyev

“Mingəçevir işıqları” qəzetinin təsisçisi və baş redaktoru,

Əməkdar jurnalist