2025-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi, Humanitar fənlər kafedrası və İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Mikayıl Müşfiqə həsr olunmuş “Ulduzlar susanda Müşfiq danışır” adlı Poeziya gecəsi keçirilib. Universitetin akt zalında keçirilən tədbirdə MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Mikayıl Müşfiqin ədəbiyyatımızdakı mövqeyindən danışıb. O, çıxışında vurğulayıb ki, Mikayıl Müşfiq yalnız söz sənətində deyil, həm də ruh və milli azadlıq ideyalarının təcəssümündə özünəməxsus yer tutur. Onun poeziyası dərin duyğular, vətən sevgisi və insanlıq idealını bir arada əks etdirir. Eyni zamanda, kafedra müdiri dahi şairin həyatının faciəvi, amma şərəfli yoluna toxunaraq, onun sovet repressiyaları dövründə də sözündən geri çəkilməməsinin böyük qəhrəmanlıq nümunəsi olduğunu bildirib.
Daha sonra MDU-nun baş müəllimi Pərvin Hüseynova çıxış edərək şairin həyatı haqqında ətraflı məlumat verib. Ardınca baş müəllim Səadət Ağakişiyeva Mikayıl Müşfiqin yaradıcılığı barədə danışıb.
Sonra, MDU-nun tələbələrindən Şəbnəm Əliyeva “Könlümü”, Könül Əlizadə “Ürək”, Günay Hacıyeva “Yenə o bağ olaydı” və Nuray Musazadə “Sevgilər” adlı şeirləri səsləndiriblər. Əfqan Məmmədov və Nuray Mehdiəzadə tərəfindən kompozisiya təqdim olunub.
Sonda Fikrət Kərimli Mikayıl Müşfiqin repressiya dövründəki taleyindən bəhs edib.
Tədbir müzakirələrlə yekunlaşıb və Müşfiq poeziyasının bu gün də öz aktuallığını qoruduğu vurğulanıb.