Rektor Anar Eminov Mlli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirib.

Görüşdə Mingəçevir şəhəri, region və respublika mediasında təmsil olunan jurnalistlər və media qurumlarının nümayəndələri iştirak edib.

MDU-nun rektoru Anar Eminov qonaqları salamlayaraq əlamətdar gün münasibətilə onları səmimi qəlbdən təbrik edib, Azərbaycan mətbuatının 150 illik tarixinə nəzər salıb. O, Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən ölkədə bir sıra silsilə tədbirlərin keçirildiyini və MDU-da da bu günün dəyərli media nümayəndələrinin əməyinə verilən qiymət kimi qeyd edildiyini vurğulayıb.

Rektor çıxışında MDU-nun fəaliyyətində şəffaflıq və ictimaiyyətlə açıq kommunikasiyanın prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. O, media qurumlarının universitetin ictimaiyyətə təqdim olunmasında, təhsil və elmi nailiyyətlərinin işıqlandırılmasında, gənclərin maarifləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Media ilə qurulan etibarlı və qarşılıqlı əməkdaşlığın universitetin açıq, dinamik və inkişaf yönümlü obrazının formalaşmasında mühüm vasitə olduğunu bildirib.

Qonaqlar onlara göstərilən diqqət və yüksək qiymətə görə təşəkkür edərək, MDU-nun inkişafını maraqla izlədiklərini və bu istiqamətdə əməkdaşlığa daim hazır olduqlarını bildiriblər. Onlar universitetin regionda elm və təhsilin inkişafında önəmli mövqe tutduğunu və MDU-nun yenilikçi fəaliyyətlərinin cəmiyyətə çatdırılmasının media üçün də maraqlı və zəruri olduğunu qeyd ediblər.

Sonda, qonaqlar 22 İyul – Milli Mətbuat Günü münasibətilə və MDU-nun fəaliyyətinin mediada fəal şəkildə işıqlandırılmasına verdikləri töhfəyə görə rektor Anar Eminov tərəfindən təltif olunublar.