Mingəçevir Dövlət Universitinin tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

  • Post category:Təhsil

“Azərbaycan müəllimi” qəzeti. 11.07.2025

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin gələcək karyeralarına dəstək olmaq məqsədilə müəllimlərin işə qəbulu (MİQ) və magistr imtahanlarına hazırlıq üçün mentor proqramı fəaliyyətə başlayır. 

Azərbaycan müəllimi” xəbər verir ki, universitetin rektoru Anar Eminov sonuncu kurs tələbələri ilə görüşərək onlara layihə barədə ətraflı məlumat verib. Rektor xüsusilə Təhsil fakültəsinin tələbələrini MİQ imtahanlarında fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bu proqrama universitetin peşəkar əməkdaşları ilə yanaşı, regionda kurikulum və məntiq üzrə tanınmış mütəxəssislər də mentor kimi cəlb olunacaq. 

Anar Eminov vurğulayıb ki, universitet tələbələrin imtahanlarda ən yüksək nəticəni göstərməsi üçün hər cür dəstəyi göstərəcək. Layihəyə ilk olaraq Riyaziyyat kafedrasının tələbələri cəlb olunacaq, eyni zamanda, magistr təhsili almaq istəyən bütün tələbələr bu proqramda iştirak edə biləcəklər.

Layihənin rəhbəri, Riyaziyyat kafedrasının müdiri dosent Rövşən Babayev bu dəstək mərkəzinin əsas məqsədinin tələbələrin əmək bazarında layiqli yer tutmalarına kömək etmək olduğunu bildirib. O qeyd edib ki, mentorluq proqramına 70-dən çox tələbə cəlb olunacaq. R.Babayev bu proqramın tələbələrə təkcə akademik biliklər deyil, həm də karyera yollarında irəliləmək üçün praktik bacarıqlar qazandıracağını vurğulayıb.