Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetində akademik karyerasına başlayan yeni müəllimlərlə görüşüb

2025-ci il sentyabrın 9-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2025/2026-cı tədris ilindən etibarən universitetdə akademik karyerasına başlayacaq müəllimlərlə görüş keçirib.

Görüşdə çıxış edən rektor A. Eminov yeni işə qəbul edilən müəllimləri təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, 2025-ci ilin iyun ayında başlayan MDU-ya müəllimlərin işə qəbulu müsabiqəsinə 850-dən çox müraciət daxil olub. Müsabiqə mərhələləri şəffaf şəkildə həyata keçirilib və prosesi uğurla başa vuran 116 nəfər universitetdə müəllim kimi fəaliyyət göstərməyə hüquq qazanıb.

Rektor qeyd edib ki, MDU region universiteti kimi dövlətimizin xüsusi diqqət və dəstəyini hiss edir. Bu dəstək MDU-nun maddi-texniki bazasının gücləndirilməsi, yeni ixtisasların açılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində özünü göstərir.

Universitetin vizyonu isə müasir tələblərə cavab verən, əmək bazarının ehtiyaclarına uyğun kadrlar hazırlayan, elmi araşdırmaları və innovativ layihələri ilə cəmiyyətə fayda verən qabaqcıl ali təhsil mərkəzinə çevrilməkdir.

A.Eminov yeni müəllimlərin bu məqsədlərin reallaşmasına mühüm töhfə verəcəyinə, universitetin tədris və elmi fəaliyyətinə əlavə dəyər qatacağına əminliyini ifadə edib.

Tədbirdə tədris prosesinin təşkili və idarə olunması üzrə rektor müşaviri Ceyhun Mahmudov müəllimlər üçün tədris proqramlarının hazırlanması və fənn sillabuslarının tərtibində diqqət edilməli məqamları vurğulayıb. İnsan resursları şöbəsinin baş mütəxəssisi Nurlana Hüseyn müəllimlərin hüquqları, vəzifələri, öhdəlikləri və universitetdən gözləntilər barədə məlumat verib. Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev isə universitetin rəqəmsal platformalarının imkanları və onlardan istifadəyə dair təlimatlarla çıxış edib.

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, yeni pedaqoqlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.