Mingəçevir Dövlət Universitetinin Məzunlar Assosiasiyasının üzvü Dünya İqtisadiyyat Forumunun sammitində Azərbaycanı təmsil edir

Mingəçevir Dövlət Universitetinin (MDU) Məzunlar Assosiasiyasının fəal üzvü, İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, ictimai fəal və beynəlxalq layihələrdə təcrübəsi ilə seçilən Ülvi Məmmədov dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan Dünya İqtisadiyyat Forumunun təşkil etdiyi “Global Shapers Annual Summit 2025” tədbirində iştirak edir. İyulun 9-dan 12-dək İsveçrənin Cenevrə şəhərində keçirilən sammitdə Ülvi Məmmədov Azərbaycanı təmsil edən nümayəndələrdən biridir.

Dünya İqtisadiyyat Forumu (World Economic Forum) qlobal iqtisadi, sosial və siyasi çağırışların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. Forumun təşəbbüsü ilə yaradılmış “Global Shapers Community” isə 150-dən çox ölkədə fəaliyyət göstərən 700-dən artıq “Hub” vasitəsilə gənc liderləri bir araya gətirərək dayanıqlı inkişaf, innovasiya, sosial ədalət və iqtisadi tərəqqi istiqamətində birgə fəaliyyətə şərait yaradır. Summit də məhz bu məqsədlə keçirilir və dünya üzrə 500-dən çox seçilmiş gənc lideri bir araya gətirir.

Tədbir çərçivəsində Ülvi Məmmədov müxtəlif plenar sessiyalarda və interaktiv diskussiyalarda iştirak edərək Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüsləri, regionlarda gənclərin sosial aktivliyinin artırılması sahəsində görülən işləri və “Global Shapers Shamakhi Hub”ın planlarını beynəlxalq auditoriyaya təqdim edib. Eyni zamanda, Global Shapers Community-nin rəhbər şəxsləri ilə görüşlər keçirərək ölkəmizdə yeni “hub”ların yaradılması, gənclər arasında liderlik potensialının inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi mövzusunda fikir mübadiləsi aparıb.

MDU olaraq məzunumuz Ülvi Məmmədovun belə nüfuzlu beynəlxalq tədbirdə Azərbaycanı təmsil etməsindən qürur duyuruq. Onun ali təhsilini universitetimizin iqtisadiyyat sahəsində tamamlaması və bu biliklərini beynəlxalq səviyyədə uğurla tətbiq etməsi, məzunlarımızın qlobal miqyasda fəal və təsirli fəaliyyət göstərə bildiyinin bariz nümunəsidir.

Universitet kollektivi olaraq Ülvini təbrik edir sammitdəki fəaliyyətinin ölkəmiz və bölgəmiz üçün faydalı nəticələr verəcəyinə inanırıq. Onun uğurlu fəaliyyəti gənc nəslə və tələbələrimizə ilham mənbəyi olacaq.