Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin elmi irsinin tədqiqi üzrə Polşa-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası tərəfindən həyata keçirilən elmi layihə çərçivəsində yubiley tədbirlərdə iştirak etmək üçün Polşa Universitetindən dəvət alıb.
Buna uyğun olaraq N.Manafov 2025-ci ilin 28 may tarixindən etibarən Polşanın paytaxtı Varşava şəhərinə səfərdədir.
Layihə çərçivəsində Komissiyanın elmi iclası Varşava Universitetinin Şərqşünaslıq fakültəsində keçiriləcəkdir. İclasda Varşava Universitetinin, Yagellon Universitetinin və eləcə də Azərbaycanın bir sıra elmi qurumlarının alimlərinin iştirakı nəzərdə tutulub.
Varşavaya səfəri çərçivəsində azərbaycanlı alimlər cari ilin 29 may tarixində Polşa İncəsənət və Elmlər Akademiyasında Məhəmməd Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyi münasibətilə keçiriləcək sərginin açılış mərasimində iştirak edəcəklər. Həmçinin, 160 illik yubileylə bağlı Elmi Konfrans keçiriləcəkdir.
Konfransda MDU ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası da akademik-inzibati heyət üzvləri ilə təmsil edilməkdədir.
Qeyd edək ki, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə nazir müavini, Cümhuriyyətin süqütündan sonra mühacır həyatı yaşamış, Polşanın Yan Kazimir adına Lvov Universitetinin professoru olmuş, Universitetdə türk, ərəb, fars dillərinin tədris etmişdir.