Mingəçevir Dövlət Universitetində qiyabi tələbələr üçün ingilis dili biliklərinin təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilir

Mingəçevir Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin dil bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq akademik və peşəkar mühitə daha hazırlıqlı inteqrasiyasının dəstəklənməsi məqsədilə ingilis dili üzrə təlimlərə başlanılıb.

Təlimlər MDU-nun Ömürboyu Təhsil Məktəbinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində tələbələrin ingilis dili üzrə biliklərinin təkmilləşdirilməsi, gündəlik və peşəkar ünsiyyət bacarıqlarının artırılması, həmçinin xarici dildə sərbəst danışıq vərdişlərinin formalaşdırılması əsas hədəf kimi müəyyənləşdirilib.

Təlimlər zamanı iştirakçılara ingilis dilinin əsas qrammatik qaydaları, söz ehtiyatının zənginləşdirilməsi, oxu, yazı, dinləmə və danışıq bacarıqlarının inkişafı üzrə praktik məşğələlər keçirilir. Bununla yanaşı, tələbələrin aktiv ünsiyyət imkanlarını genişləndirmək məqsədilə danışıq qrupları da təşkil olunur. Danışıq qruplarında tələbələr müxtəlif mövzular ətrafında müzakirələr aparır, təqdimatlar edir və real ünsiyyət situasiyaları əsasında praktik dil bacarıqlarını inkişaf etdirirlər.

Qiyabi təhsil alan tələbələr üçün təşkil olunan bu təlimlər universitetdə ömürboyu təhsil imkanlarının genişləndirilməsi, tələbələrin fərdi inkişafının dəstəklənməsi və onların əmək bazarının müasir tələblərinə uyğun bacarıqlarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.