Mingəçevir Dövlət Universiteti  İtaliyanın nüfuzlu universitetində təşkil olunmuş təlimdə təmsil olunub

2023-cü il 04-08 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin  (UNEC) 2022-ci ildə ERASMUS+ proqramının KA2 fəaliyyət növü üzrə qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması (REFRESH)” layihəsi çərçivəsində İtaliyanın Boloniya Universitetinə (UNIBO) işgüzar səfər təşkil olunub.

Səfərin əsas məqsədi yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında UNIBO təcrübələrini öyrənilməsi olub.

Təlim səfərində REFRESH layihəsində təmsil olunan 5 Azərbaycan ali təhsil müəssisəsindən 8 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. MDU universitetin Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədovanın iştirakı ilə təmsil olunub.

Təlim proqramının ilk günü UNIBO-nun beynəlxalq məsələləri üzrə məsul olan professor-müəllim heyəti ilə  REFRESH layihə konsorsiumuna üzv olan Azərbaycanın ali təhsil müəssisələrindən olan nümayəndələr ilə görüşlər keçirilib. İkinci gün isə həmin nümayəndələr təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat, uğurları və REFRESH layihəsi müddətində atacaqları addımlar, fəaliyyət istiqamətləri haqqında xarici auditoriyaya məlumat veriblər.

Sözügedən təlim proqramının növbəti günlərində UNIBO-nun sənayə mühəndisliyi kafedrasının professor-müəllim heyətindən olan Matteo Gherardi, Andrea De Pascale, Beatrice Pulvirenti və Alberto Borghetti azərbaycanlı nümayəndələrə yaşıl və dayanıqlı enerjinin inkişafı üçün gördükləri fəaliyyət, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində göstərdikləri təşəbbüslər haqqında seminarlar təşkil ediblər.

Bundan əlavə UNIBO-nun tədqiqat və innovasiyalar mərkəzinin əməkdaşları Livia Mercatelli, Franca Maria Mura, Samuele Giangrande, Natalia Rossi və Giuseppe Nottola  burada tədqiqat və innovasiyalar sahəsinin inkişafı haqqında təqdimatla auditoriya qarşısında çıxış edərək, onların suallarını cavablandırıblar.

Təlim proqramının sonuncu günü Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımlarını müəyyən etmək məqsədilə yekun görüş keçiriblər.

Qeyd edək ki, 36 ay müddətində (2023-2026) icra edilməsi nəzərdə tutulan REFRESH layihəsinin əsas məqsədi bərpa olunan enerji sahəsində maarifləndirməni artırmaqla Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyasını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialın artırmaqdır.