You are currently viewing Şahin Bayramov: Mingəçevir şəhəri ölkənin tərəqqisinə əhəmiyyətli töhfələr verir (AZƏRTAC)

Şahin Bayramov: Mingəçevir şəhəri ölkənin tərəqqisinə əhəmiyyətli töhfələr verir (AZƏRTAC)

AZƏRTAC, 12.11.2023

Azərbaycanın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirin yaradılmasından 75 il ötür. Fərəhləndirici haldır ki, şəhərin yubileyi “Heydər Əliyev İli”ndə suverenliyimizin tam bərpası şəraitində qeyd edilir.

Danılmaz həqiqətdir ki, doğma şəhərimizin hərtərəfli inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin yüksək diqqət və qayğısı sayəsində şəhərin sənaye potensialı əhəmiyyətli dərəcədə artaraq ölkə iqtisadiyyatında mövqeyi güclənib. Cənubi Qafqazın ən böyük enerji qurğusu olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının Mingəçevirdə yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur”.

Dinamik inkişaf yolu keçmiş Mingəçevirin davamlı inkişafı hazırda da dövlətin diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən aparılan quruculuq və abadlıq işləri sayəsində Mingəçevirin siması tamamilə dəyişib, müasirləşib və gözəlləşib. Xüsusilə, Mingəçevirdə hazırda inşası davam etdirilən 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyası doğma şəhərin Azərbaycanın və Qafqazın energetika xəritəsindəki mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu artıracaq.

Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, gənc əhalinin üstünlük təşkil etdiyi Mingəçevirdə gənclər sektoru, insan kapitalının inkişafı daima yüksək diqqət və qayğı ilə əhatə olunub, gənclərin hərtərəfli inkişafı üçün bütün zəruri imkanlar təmin edilib. Bu baxımdan, Mingəçevirin 75 illiyində 2023-cü ilin “Gənclər Paytaxtı” seçilməsi heç də təsadüfi olmayıb və əlamətdar hadisələrdən biri kimi dəyərləndirilir.

Rektor qeyd edib ki, Mingəçevir energetiklər, ziyalılar və gənclər şəhəri olmaqla yanaşı, iqtisadi, mədəni, təhsil, səhiyyə və turizm potensialına görə regional mərkəzə çevrilir. Eyni zamanda, Mingəçevirin gözəl təbiəti və coğrafi üstünlüyü də şəhərin inkişafına və böyüməsinə geniş imkanlar yaradır. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirləri xatırlamaq bütün mingəçevirliləri qürurlandırır: “Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük – güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı”.

Mingəçevirin həm də qəhrəmanlar şəhəri olduğunu vurğulayan Şahin Bayramov əlavə edib: “Hər iki Qarabağ müharibəsində iştirak etmiş və böyük şücaət göstərmiş igid övladlar sırasında Mingəçevirin də təmsil olunması qürurvericidir. Hazırda özünəməxsus inkişaf yoluna qədəm qoymuş Mingəçevir müxtəlif sahələrdə ölkəmizin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bu gün Mingəçevir Dövlət Universitetinin simasında doğma şəhərimizi təmsil etməkdən və uğurlarında pay sahibi olmaqdan fəxarət hissi duyuruq. Sevinirik ki, əsas missiyası yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək olan universitetimiz şəhərin ekosisteminin inkişafında və ictimai həyatının canlanmasında fəal iştirak edir”.