Rektor Şahin Bayramov şəxsi Facebook səhifəsində paylaşım edib

Rektor Şahin Bayramov şəxsi Facebook səhifəsində tələbə və əməkdaşları təbrik edib, təşəkkürünü bildirib

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələrimiz və magistrantlarımız!

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatdı.

Bakalavriat səviyyəsində I-III kurslarda, magistratura səviyyəsində isə I kursda təhsil alan 1900-dən artıq tələbə və magistrantın iştirak etdiyi 646 imtahan “Microsoft Teams” platforması üzərindən online şəkildə şifahi formada keçirildi.

Sessiyaya hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər və struktur bölmələr arasında aparılmış sistemli funksional bölgü bütövlükdə imtahan prosesinin operativ və çevik şəkildə idarə edilməsinə imkan verdi.

Əvvəlcədən bəyan etdiyimiz kimi, mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, uğurla başa vurduğumuz imtahan sessiyasında çoxsaylı güzəştlər tətbiq etdik.

Eyni zamanda, akademik heyətimiz tərəfindən “Microsoft Teams” və “ZOOM” platformaları üzərindən keçirilən online dərslər və Youtube kanalı üzərindən təqdim olunan “videodərslər” də tələbə və magistrantlarımızın müvafiq fənlər üzrə zəruri bilik və bacarıqları əldə etməklə imtahanları uğurla verməsinə ciddi əsaslar yaratmışdı.

Sevindirici haldır ki, ilk dəfə məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olundu.

Ən əsası isə, imtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət aldılar.

İmtahan sessiyası müddətində, eləcə də bu dövrdə hər həftənin çərşənbə axşamı keçirdiyimiz “Açıq qapı” günlərində tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən imtahanların təşkilindən məmnunluq ifadə edilən çoxsaylı müraciətlər aldıq.

Əziz tələbələr və magistrantlar!

İmtahan sessiyasında yüksək nəticələr əldə etməklə MDU rəhbərliyini, müəllimlərinizi və valideynlərinizi sevindirmiş oldunuz.

Bu uğur münasibətilə hər birinizi ürəkdən təbrik edir, təhsil həyatınızın növbəti mərhələsində daha böyük nailiyyətlər arzulayıram.

Hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Sizin böyük fədakarlığınız sayəsində qlobal pandemiya ilə hamılıqla mübarizə apardığımız dövrdə məsafədən təşkil olunan bütün imtahanlar baş tutdu və təhsilalanların biliyinin obyektiv qiymətləndirilməsi mümkün olundu.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində fəal iştirakınıza görə hər birinizə təşəkkür edirəm.

İmtahan sessiyasının təşkilində aparıcı rol oynamış və ümumi koordinasiyanı yüksək səviyyədə həyata keçirmiş “İmtahan Qərargahı”nın üzvlərinə təşəkkür edirəm.

İmtahan prosesində göstərdikləri xüsusi fəallığa görə müəllimlərimizdən ibarət “İmtahanlara dəstək qrupu”nun və gənc əməkdaşlarımızdan ibarət “Texniki dəstək qrupu”nun üzvlərinə ayrıca təşəkkür edirəm.

İlk dəfə olaraq şifahi formada keçirilən imtahanlarla bağlı tələbə, magistrant və valideynlərin müraciətlərinə operativ baxılmasına və təhsilalanların biliyinin obyektiv qiymətləndirilməsinin təmin olunmasına görə “Apellyasiya Komissiyası”nın üzvlərinə təşəkkür edirəm.

“Könüllülər ili” elan olunmuş 2020-ci ildə ilk dəfə olaraq MDU-da reallaşdırılan və imtahan prosesində çevikliyin təmin olunmasına mühüm töhfələr verən “İmtahan könüllüləri” layihəsinə qatılmış bütün könüllü tələbələrimizə xüsusi təşəkkürümü bildirirəm.

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının uğurla başa çatması münasibətilə MDU ailəsinin bütün üzvlərini bir daha təbrik edirəm.

Hər birinizi COVID-19 infeksiyası ilə mübarizədə fəal olmağa, müvafiq tələb və tövsiyələrə riayət etməyə çağırıram.

Özünüzü və doğmalarınızı qoruyun!