Rektor Şahin Bayramov Vətən müharibəsi şəhidləri ilə bağlı fikirlərini AZƏRTAC informasiya agentliyinə açıqlayıb

Vətən müharibəsinin şəhidləri 2783 qəhrəmanlıq dərsi, fədakarlıq nümunəsi və vətənpərvərlik məktəbi deməkdir

 

Bakı, 7 dekabr, AZƏRTAC

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Bu sözləri AZƏRTACa açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması şəhidlərin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Qırx dörd günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin problemlərinin həll edilməsi və onların sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərin ölkə başçısının birbaşa nəzarətində olduğunu vurğulayan rektor deyib: “Bu baxımdan, möhtərəm Prezidentimizin cari ilin noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı səsləndirdiyi aşağıdakı fikirlər mühüm əhəmiyyət kəsb edir: “Şəhid ailələrinin problemləri öz həllini tapacaq… Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.

Qeyd olunanlar, eləcə də ölkə rəhbərinin müvafiq tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun adları və keçdiyi döyüş yolları barədə ətraflı məlumatların ictimaiyyətə təqdim edilməsi işlərinə başlanılması onların əziz xatirəsinə dərin ehtiramın bariz nümunəsi olmaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından qarşımızda yeni vəzifələr qoyur.

Belə ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və Azərbaycan əsgərinin rəşadəti sayəsində qalib gəldiyimiz Vətən müharibəsinin 2783 şəhidi mübaliğəsiz olaraq hər birimiz üçün 2783 qəhrəmanlıq dərsi, 2783 fədakarlıq nümunəsi və 2783 vətənpərvərlik məktəbi deməkdir.

Fikrimizcə, əsas missiyası yüksək ixtisaslı mütəxəssis hazırlamaqla bərabər, vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər vətəndaş yetişdirmək olan ali təhsil müəssisələri tərəfindən şəhidlərimizin Vətən müharibəsində öz qanları ilə yazdıqları qəhrəmanlıq salnaməsini təbliğ etmək və tələbə-gənclərə çatdırmaq istiqamətində zəruri addımlar atılacaq”.

Qeyd edək ki, artıq Mingəçevir Dövlət Universitetində bu yöndə müvafiq hazırlıq işlərinə start verilib.