Rektor Şahin Bayramovun “AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetində “MDU YENİ DÖVRÜN UNİVERSİTETİNƏ ÇEVRİLMƏK YOLUNDA” başlıqlı yazısı (III hissə) dərc olunub

Azərbaycan müəllimi” qəzeti, 28.07.2023
Qəzetin PDF versiyası
(Əvvəli https://www.muallim.edu.az/news.php?id=25893 – 21.07.2023
https://muallim.edu.az/news.php?id=25823 – 14.07.2023)

2022/2023-cü tədris ilinin yekunları: əsas tərəfdaşlıqlar və beynəlxalq fəaliyyətlər

Əməkdaşlıqda prioritetlər

Hazırda müasirləşmə mərhələsində olan Mingəçevir Dövlət Universitetində (MDU) qarşılıqlı faydalı və nəticəyönümlü əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Qurulan və inkişaf etdirilən strateji tərəfdaşlıqlar hesabat dövründə də universitet idarəçiliyinin qabaqcıl təcrübəyə əsasən və müasir tələblərə uyğun təkmilləşdirilməsində, eləcə də mövcud potensialın daha da gücləndirilməsində əhəmiyyətli rol oynamışdır.

Yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun missiyasının davamlı və daha effektiv şəkildə həyata keçirilməsinin təmin edilməsində beynəlxalq əlaqələrin genişləndirilməsi, sənaye ilə işbirliyinin gücləndirilməsi, müvafiq dövlət qurumları, ictimai birliklər, paytaxt və region universitetləri ilə əməkdaşlığın inkişafı, eləcə də Mingəçevir şəhəri və ətraf rayonların təhsil müəssisələri ilə birgə fəaliyyətlərin şaxələndirilməsi prioritet əhəmiyyət kəsb etmişdir.

 Dövlət qurumlarının dəstəyi və layihələrdə fəal iştirak

Müvafiq dövlət qurumlarının universitet fəaliyyətinə dəstəyi, həmçinin onların həyata keçirdikləri çoxsaylı layihələrdə və tədbirlərdə fəal iştirak MDU-nun strateji hədəflərinə çatmaq yolunda geniş imkanlar yaradır.

Hesabat dövründə universitetin bütün istiqamətlər üzrə fəaliyyətləri Elm və Təhsil Nazirliyi (ETN) və Mingəçevir şəhər İcra Hakimiyyətinin hərtərəfli dəstəyi ilə daim əhatə olunmuşdur. 2022/2023-cü tədris ilinin payız semestrində MDU-da “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans məhz sözügedən dövlət qurumlarının dəstəyi sayəsində baş tutmuşdur.Eyni zamanda, MDU-nun reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihənin ilk qonağı olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbə və müəllim kollektivi üzvləri ilə görüş keçirmiş və universitetin fəaliyyətinə Nazirliyin dəstəyini ifadə etmişdir. Həmçinin, ETN-in məsul əməkdaşlarının iştirakı ilə müəllimlərin işə qəbulu imtahanlarının nəticələri barədə MDU-da təşkil edilən müzakirələr universitetdə pedaqoji kadr hazırlığının təkmilləşdirilməsinə və bu ali təhsil müəssisəsinin mövqeyinin daha da yaxşılaşdırılmasına xidmət etmişdir.

Bununla yanaşı, Mingəçevirin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən reallaşdırılan müxtəlif layihələrdə MDU yaxından iştirak etmiş, hərtərəfli inkişaf etməkdə olan akademik potensialı ilə şəhərin ictimai həyatına töhfə vermiş vəfəallığını daha da artırmışdır. Hesabat dövründə gənclər və idman nazirinin iki dəfə MDU-nu ziyarət etməsi məhz qeyd olunan istiqamətdə universitet fəaliyyətinə verilən müsbət qiymətin və tələbə gənclərə dəstəyin ifadəsi kimi dəyərləndirilə bilər.

Bundan əlavə, “Heydər Əliyev İli” çərçivəsində MDU-nun Mingəçevir, Yevlax və Ağdamda yerli icra hakimiyyəti orqanları ilə birgə təşkil etdiyi tədbirlər regionda Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işlərinə töhfə məqsədi daşımışdır.

Habelə, MDU dövlət qurumlarının respublikamızda insan potensialının inkişafına, müasir bilik və bacarıqların ötürülməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə hədəflənən müxtəlif fəaliyyətlərinə aktiv qoşulmuşdur.İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Dövlət İmtahan Mərkəzi, Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Təhsil Tələbə Krediti Fondu, Təhsilin İnkişafı Fondu və Gənclər Fondu tərəfindən həyata keçirilən layihələrdə, müsabiqələrdə, təlim və təcrübə proqramlarında fəal təmsilçilik universitet əməkdaşlarının, tələbə və magistrantların bilik və bacarıqlarının artırılmasında faydalı rol oynamış, ali təhsil xidmətlərinin keyfiyyətinin və əlçatanlığının daha da yüksəldilməsi üçün əlavə imkanlar yaratmışdır.

Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə birgə fəaliyyətlər

Aprelin 20-də MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanmışdır. Qarşılıqlı maraq doğuran müvafiq istiqamətlərdə çoxsaylı birgə fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə elmi konfrans, seminar və mühazirələri, pedaqoji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə dair “dəyirmi masa”ları, gənc müəllimlər və yeni təyin olunmuş məktəb direktorları üçün ustad dərsləri, şagirdlərin “Sabahın alimləri” müsabiqəsinə hazırlanmasını və sair tədbirləri özündə ehtiva etmişdir. Tədbirlər Planı çərçivəsində təqdim olunan imkanlardan MDU əməkdaşları və tələbələri, Mərkəzi Aran RTİ-nin 7 şəhər və rayon (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir) üzrə inzibati-pedaqoji heyəti və şagirdləri faydalanırlar.

Hesabat dövründə sözügedən Tədbirlər Planına uyğun olaraq Mərkəzi Aran RTİ-nin evsahibliyi və regionun təhsil ictimaiyyətinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda keçirilən ilk elmi-praktik konfrans böyük maraqla qarşılanmışdır. Bununla yanaşı, işbirliyi çərçivəsində Mingəçevir şəhəri və ətraf rayonların bir sıra ümumi təhsil müəssisələrində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində innovativ təlim metodlarından istifadə”, “STEAM layihəsi və rəqəmsal bacarıqların inkişafı” və “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzularında müxtəlif formatlı tədbirlər keçirilmişdir.

Paytaxt və region universitetləri ilə əməkdaşlıq

Respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq uğurla davam etdirilmişdir. Hesabat dövründə UNEC əməkdaşı tərəfindən MDU-da gənc akademik heyət üzvləri, tələbələr və magistrantlar üçün “Marketinq və biznes” mövzusunda seminar təşkil edilmişdir. Eləcə də, UNEC-in koordinatorluğu ilə Britaniya Şurasının “Creative Spark” layihəsi çərçivəsində MDU-da keçirilən təlim gənclərdə sahibkarlıq və biznes bacarıqlarının inkişafına hədəflənmişdir. Bununla yanaşı, UNEC-də “Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar” (IFFT-2023) adlı I Beynəlxalq Forum çərçivəsində təşkil edilən müxtəlif seminar və təlimlərdə, “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda MDU əməkdaşlarının iştirakına şərait yaradılmışdır. Həmçinin, UNEC-in koordinatorluq etdiyi və MDU-nun da tərəfdaş olduğu Erasmus+ layihəsinin icrasına başlanılmışdır.

Nüfuzlu paytaxt universitetlərindən olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə işbirliyi MDU-da mühəndislik istiqamətində ali təhsilin və elmi potensialın inkişafına xidmət edir.  Hesabat dövründə, AzTU, Türkiyənin Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti və Beynəlxalq İnformasiya Təhlükəsizliyi günlərinə həsr olunan beynəlxalq elmi-praktiki konfranslar böyük maraqla qarşılanmışdır. Eləcə də, AzTU-da keçirilən “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda seminarda,“Bilişim Vadisi Bakı” Mərkəzinin təqdimatında MDU əməkdaşlarının da iştirakı təmin edilmişdir.

Hesabat dövründə MDU, Azərbaycan Texnologiya Universiteti (ATU) və Lənkəran Dövlət Universiteti (LDU) arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanmışdır. Elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələr sahəsində ümumi maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan memorandum pedaqoji kadrların və elmi işçilərin, magistr və doktorantların mübadiləsini, qabaqcıl tədqiqat və inkişaf metodları sahəsində təcrübə mübadiləsini, elmi işçilərin və mütəxəssislərin birgə innovasiya fəaliyyətinin təşkilini ehtiva edir. 2023-cü ilin iyunun 16-da üçtərəfli əməkdaşlıq çərçivəsində ATU-nun evsahibliyi ilə Ümummilli Liderimizin 100 illiyinə həsr olunan “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Xatırladaq ki, başa vurduğumuz tədris ilinin payız semestrində LDU ilə əməkdaşlıq müqaviləsinə əlavələr imzalanmış və MDU-nun evsahibliyində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda birgə elmi-nəzəri konfrans təşkil edilmişdir.

Bununla yanaşı, MDU Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Naxçıvan Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda fəal təmsil olunmuşdur.

Xarici universitetlərlə işbirliyi

Türkiyədə yeni universitetlərin qurulmasında və inkişafında önəmli paya sahib nüfuzlu Qazi Universiteti ilə əməkdaşlığa MDU-da xüsusi önəm verilir. 2023-cü ilin iyunun 19-da Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi, Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda keçirilən elmi konfrans bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Həmçinin, MDU nümayəndə heyətinin Qazi Universitetinin Mühəndislik və Texnoloji fakültələrində akademik və inzibati heyət üzvləri ilə görüşləri əməkdaşlığın növbəti tədris ilində inkişafında yeni imkanlar qazandırmışdır. Görüşlərdə işbirliyinin daha da gücləndirilməsi məqsədilə yeni fəaliyyət planlarının hazırlanması barədə müvafiq razılıqlar əldə edilmişdir.

Bununla yanaşı, Qazi Universiteti ilə işbirliyi çərçivəsində 2022-ci ilin noyabr-dekabr aylarında  “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda seminarı və “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda konfransı, 2023-cü ilin 16-18 may tarixlərində “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzusunda beynəlxalq konfransı xüsusi qeyd etmək olar. Eyni zamanda, 2022/2023-cü tədris ilində Qazi Universitetindən kompüter mühəndisliyi sahəsində daha bir alimin MDU-da Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətə cəlb olunması universitetdə IT təhsilinin təkmilləşdirilməsinə mühüm töhfə vermişdir.

Qardaş ölkənin yenilikçi universitetlərindən olan Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) ilə əməkdaşlıq da məhsuldarlığı ilə fərqlənmiş, MDU-da turizm və iqtisadiyyat təhsilinin inkişafına hədəflənmişdir. Ötən tədris ilinin payız semestrində AHBVU ilə işbirliyi çərçivəsində “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Bununla yanaşı, 2023-cü ilin iyunun 20-də Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi, AHBVU və MDU-nun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilmişdir. Konfrans çərçivəsində, həmçinin MDU nümayəndə heyəti AHBVU-nun Turizm, İqtisadi və idari bilimlər fakültələrində olmuş,  mövcud tədris şəraiti və infrastrukturu ilə yaxından tanış olmuş və müvafiq istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmişdir.

Eyni zamanda, ötən ilin noyabrın 4-də Heydər Əliyev Mərkəzində keçirilən Türkiyə-Azərbaycan biznes forumunda MDU və İstanbul Gedik Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanmış, noyabrın 7-də isə işbirliyi çərçivəsində Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan birgə tədbir təşkil olunmuşdur. “Şuşa İli”ndə tarixi Zəfərlə bağlı digər ortaq tədbir tərəfdaş KTO Karatay Universiteti ilə həyata keçirilmişdir.

Hesabat dövründə Tümen Dövlət Universiteti ilə əməkdaşlıq haqqında imzalanan saziş ali məktəblər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədi daşımışdır. İşbirliyi çərçivəsində bu ali təhsil müəssisəsinin professoru tərəfindən MDU-da “Sahibkarlıq təhsili və uğura gedən yol” mövzusunda ustad dərsi keçirilmişdir.

Bundan əlavə, MDU və Qırğız İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. Kiyev Milli Texnologiya və Dizayn Universitetində “Qloballaşma şəraitində təhsil, elm və biznesin inteqrasiyası problemləri” və “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri”, Qazaxıstan Milli Aqrar Tədqiqat Universitetində “Biznesin qiymətləndirilməsi: müasir yanaşmalar” mövzularında keçirilən beynəlxalq elmi konfranslarda MDU fəal təmsil olunmuşdur.

“Erasmus+” layihələri çərçivəsində əməkdaşlıq

Hesabat dövründə MDU milli ali təhsilimizdə bir ilkə imza ataraq Erasmus+ layihəsinin koordinatoru olan ilk region universiteti statusunu qazanmışdır. Cari ilin aprelində MDU-nun koordinatorluğu ilə “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin icrasına start verilmişdir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsindən, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsindən və innovativ yanaşmanın təkmilləşdirilməsindən ibarətdir. Büdcəsi 800 min avro olan və 3 il müddətində davam edəcək layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcəkdir. Layihədə tərəfdaş qismində Azərbaycanın 11 ali təhsil müəssisəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, eləcə də 5 Avropa İttifaqı ölkəsini (İsveç, İspaniya, Portuqaliya, Estoniya, Polşa) təmsil edən universitetlər yer almışdırlar.

Bunlarla yanaşı, hesabat dövründə MDU İtaliyanın Foggia Universitetinin koordinatorluğu ilə “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU), Xəzər Universitetinin koordinatorluğu ilə “Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA), Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası” (REFRESH) adlı Erasmus+ layihələrində tərəfdaş olaraq qəbul edilmişdir.

Habelə, Erasmus+ mübadilə proqramı çərçivəsində 2022-ci ilin 24-28 oktyabr və 2023-cü ilin 29 may-2 iyun tarixlərində Lüksemburq Universitetinin doktorantı MDU-da olmuş, akademik və inzibati heyət üzvləri ilə görüşmüş, gənc müəllimlər, tələbələr üçün seminarlar və təlimlər keçmişdir. Eləcə də, ikitərəfli əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məqsədilə Lüksemburq Universitetində görüşlər təşkil edilmişdir.

Bununla yanaşı, Erasmus+ mübadilə proqramı çərçivəsində MDU-nun bir tələbəsi 2022/2023-cü tədris ilinin yaz semestri üzrə təhsilini İspaniyanın Valladolid Universitetində davam etdirmişdir. Həmçinin, Valladolid Universitetində, Rumıniyanın Transilvania Braşov Universitetində və İtaliyanın Foggia Universitetində təşkil olunmuş bir həftəlik təlimlərə və seminarlara MDU əməkdaşları da qatılmışdır.

Beynəlxalq təşkilatlarda təmsilçilik

MDU üzv olduğu Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road – UAB&R) Forumunda fəal təmsil olunmuşdur. Çin Xalq Respublikasının Lanzhou Universiteti və Qansu Əyalətinin Təhsil Departamentinin birgə təşkilatçılığı ilə keçirilən Foruma 14 ölkədən 60-a yaxın ali təhsil müəssisəsinin rəhbərləri qatılmışdır. Post-pandemiya dövründə universitetlərin dayanıqlı inkişafı və beynəlxalq əməkdaşlığı, qlobal iqlim dəyişikliyi və ətraf mühitin qorunması, qloballaşma kontekstində universitetlər üçün çağırışlar, innovasiyalar və digər məsələlərin müzakirə edildiyi Forumda “Davamlı inkişafda universitetlərin rolu: qlobal perspektivlər və əsas çağırışlar” mövzusunda tərəfimizdən məruzə təqdim edilmişdir.

Hesabat dövrü MDU-nun ali təhsil sahəsində dünyanın ən böyük təsisatlarından sayılan Beynəlxalq Universitetlər Assosiasiyasına (IAU) üzv qəbul edilməsi və bu beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunması ilə də əlamətdar olmuşdur. Qeyd etmək lazımdır ki, 130-dan çox ölkənin 600-dən artıq universitetini birləşdirən IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri və universitet liderlərini bir araya gətirən qlobal şəbəkələşmə və əməkdaşlıq platforması kimi çıxış edir. 2022-ci ilin oktyabrında Dublində “Universitetlərin gələcək cəmiyyətə uyğunluğu və əhəmiyyəti” mövzusuna həsr olunan IAU 16-cı Baş Konfransında, 2023-cü ilin martında Parisdə IAU İdarə Heyətinin iclasında MDU təmsil olunmuş, eləcə də IAU 2030 Strategiyası əsasında hazırlanmış Fəaliyyət Planı (2023-2026) layihəsinin müzakirəsində fəallıq göstərmişdir.

Eləcə də, 2022-ci ilin sentyabrında Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda iştirak da yaddaqalan hadisələrdən olmuşdur. “Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların, proqram və fondların nümayəndələrinin qatıldığıForumun panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatımız iştirakçıların marağına səbəb olmuşdur.

Eyni zamanda, tələbə startap fəaliyyətlərinin genişləndirilməsi, müvafiq ixtisaslar üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi, xaricdə təhsillə bağlı məlumatlandırmanın həyata keçirilməsi, eləcə də xarici dil bilik və bacarıqlarının artırılması, könüllülük və sosialyönümlü fəaliyyətlərin gücləndirilməsi məqsədilə xarici nümayəndəliklər, ictimai birliklər və mərkəzlərlə əməkdaşlıq inkişaf etdirilmişdir.

Beləliklə, strateji tərəfdaşlıqlar MDU-nun yeni dövrün universitetinə çevrilmək yolunda inamla irəliləməsinə mühüm zəmin yaratmış, təhsil, tədqiqat, innovasiya və sosial fəaliyyətlərini inkişaf etdirməsi işinə əhəmiyyətli töhfə vermişdir.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru