Böyük Zəfərin başlanğıcı hesab edilən Aprel döyüşlərindən yeddi il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu dövrü böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi dərin ehtiramla anırıq. 2016-cı ildə aprelin ilk günlərində ermənilərin növbəti xain təxribatlarına cavab olaraq əks-həmlə əməliyyatı həyata keçirən rəşadətli Azərbaycan Ordusu minlərlə hektar ərazimizi işğaldan azad edərək öz gücünü, döyüş əzmini və yüksək peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.
Bunu Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov AZƏRTAC-a açıqlamasında deyib.
Ş.Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində Aprel döyüşlərində qazanılan möhtəşəm qalibiyyət Ermənistan ordusu haqqında uzun illər yaradılmış mifləri darmadağın etdi, xalqımızın inamını, birliyini və mübarizlik ruhunu daha da gücləndirdi. Beləliklə, dörd günlük Aprel döyüşləri dörd il sonra 44 günlük tarixi Zəfər yürüşünə parlaq işıq saldı. Şanlı Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayacaq, onun iradəsini sarsıtmaq mümkün deyil və səbrini sınamaq olmaz. Ölkə başçısı İlham Əliyev Aprel qələbəsinin birinci ildönümü münasibətilə hərbçilərlə keçirilən görüşdə bu barədə demişdir: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”. Çox keçmədi ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Ali Baş Komandanımızın bu qətiyyətli bəyanatını və xalqımızın ən böyük arzusunu reallığa çevirdi. Doğma Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüz və milli qürurumuz bərpa edildi.
“Aprel döyüşlərində qazanılan qələbə uzun illərdən sonra, nəhayət ki, əzəli yurdlarımıza Böyük Qayıdışın da əsasını qoydu. Ən qısa zamanda sürətli abadlaşdırma işləri həyata keçirildi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni qəsəbə salındı və işğaldan azad edilmiş ərazilərimizdə ilk məskunlaşmaya start verildi. Eləcə də sonsuz sevincini yaşadığımız Şanlı Qarabağ Zəfərindən dərhal sonra həyata keçirilən sürətli və irimiqyaslı bərpa və quruculuq işləri sayəsində məcburi köçkün vətəndaşlarımızın doğma el-obalarına qayıdışına başlanılması olduqca qürurverici haldır. Uzun illər erməni vandallarının urbisid və ekosid fəaliyyətlərinə məruz qalmış şəhər və kəndlərimizdə yaşayış məntəqələrinin və infrastrukturun ən yeni texnologiyalar əsasında yenidən qurulması, həm də bu torpaqların əsl sahibinin kim olduğunu bir daha dünyaya göstərmiş oldu.
Beləliklə, Aprel döyüşləri ilə formalaşmağa başlayan və 44 günlük Vətən müharibəsində özünü tam büruzə verən yeni geosiyasi reallıqlar Azərbaycanın regionda söz sahibi olaraq mövqeyini daha da möhkəmləndirdi. Əminik ki, dövlətimiz bölgədə sülh, tərəqqi və təhlükəsizliyin təmin olunması və gücləndirilməsi naminə haqq mübarizəsini bundan sonra da böyük siyasi iradə və qətiyyətlə davam etdirərək qarşısına qoyduğu bütün hədəflərə nail olacaqdır”, – deyə rektor Ş.Bayramov qeyd edib.