Mingəçevir Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı akademik əməkdaşlıq memorandumuna əsasən, 2026-cı ilin 20–23 aprel tarixlərində universitetin bir müəllim və bir tələbədən ibarət nümayəndə heyəti Səmərqənddə səfərdə olub.
Səfərdə Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və Ömürboyu Təhsil Məktəbinin “Turizm işinin təşkili” ixtisası üzrə qiyabi təhsil alan tələbəsi Səbuhi Kərimov iştirak ediblər.
Səfər çərçivəsində Şəbnəm İslamova “Azərbaycan Respublikası və Mingəçevir Dövlət Universiteti haqqında” mövzusunda təqdimatla çıxış edib, həmçinin universitet tələbələrinə “Alternativ enerji mənbələrinin əhəmiyyəti” mövzusunda mühazirə keçib. Səbuhi Kərimov isə “Qarabağ və Şərqi Zəngəzurun turizm coğrafiyasının inkişafı” və “İlham Əliyevin Qarabağda turizm siyasəti” mövzularında təqdimatlar edib, eyni zamanda universitetdə keçirilən dərsləri dinləyib.
Nümayəndə heyətini Səmərqənd Dövlət Universitetinin rektoru Rüstəm Xalmuradov tərəfindən qəbul olunub. Görüşdə universitetlərarası akademik əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davamlılığının təmin edilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti universitetin bir sıra rəhbər şəxsləri ilə də görüşlər keçirib. Görüşlərdə akademik və mədəni əlaqələrin genişləndirilməsi, eləcə də MDU tədqiqatçılarının magistratura və doktorantura səviyyəsində təhsil imkanları müzakirə olunub.
Nümayəndə heyəti universitet tərəfindən tərəfindən təşkil olunan beynəlxalq seminar və tədbirlərdə də iştirak edib. Səfərin sonunda onlara aktiv pedaqoji fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.
Səfər müddətində nümayəndələr beynəlxalq elmi mühitlə yaxından tanış olub, o cümlədən Kirsten de Beurs tərəfindən təqdim olunan “Geo-information science and remote sensing” istiqamətində seminar və Çin tədqiqatçılarının qrant layihələri üzrə təqdimatlarda iştirak ediblər.
Qeyd edək ki, səfər ümumilikdə qarşılıqlı akademik əməkdaşlığın genişləndirilməsi, elmi təcrübə mübadiləsinin gücləndirilməsi və regionlararası əlaqələrin inkişafı baxımından əhəmiyyətli nəticələrlə yadda qalıb.