Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov ixtisas seçimi müsabiqəsində MDU-da təhsil almaq istəyən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şahmar Məmmədovun övladı Tamella Məmmədova və onun valideyni Aliyə Məmmədova ilə görüşüb.
Görüş zamanı rektor A.Eminov Tamella Məmmədovaya MDU-ya göstərdiyi diqqət və marağa görə təşəkkürünü bildirib, onun təhsil həyatında uğurlar qazanacağına inandığını vurğulayıb. Qeyd edilib ki, şəhid övladlarına diqqət və qayğı göstərmək universitetin mənəvi borcu və ali vətəndaşlıq mövqeyidir.
Universitet rəhbərliyi tərəfindən səmimi qarşılanan şəhid ailəsi üzvləri göstərilən diqqət və edilən köməkliklərə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar MDU-nun fəaliyyətini yaxından izlədiklərini, inkişaf tendensiyasından məmnun olduqlarını və universitetin təhsil imkanlarını yüksək qiymətləndirdiklərini bildiriblər.
A.Məmmədova ixtisas seçimi müsabiqəsində iştirak zamanı MDU-nun Abituriyent Məsləhət Mərkəzinin xidmətindən faydalanaraq doğru qərar verməkdə dəstək aldığını qeyd edib. O, MDU-nun abituriyentlər üçün yaratdığı şəraitin və göstərdiyi diqqətin nümunəvi olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda MDU-da çoxsaylı şəhid ailəsi üzvləri təhsil alırlar və universitet onların sosial dəstəyi, təhsil imkanlarının genişləndirilməsi, eləcə də mənəvi qayğı ilə əhatə olunmasına xüsusi önəm verir.