2025-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin sağlam inkişafında narkomaniyaya qarşı aparılan mübarizənin prioritet istiqamət olduğunu qeyd edib. O bildirib ki, belə seminarlar tələbələrin və gənclərin narkomaniyanın fəsadları barədə maarifləndirilməsində mühüm rol oynayır.
Giriş nitqindən sonra proqrama uyğun olaraq məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “Narkomaniya ilə mübarizədə mövcud qanunvericilik bazası” və Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Gənclərdə narkomaniyaya qarşı barışmaz münasibətin formalaşdırılması, sağlam həyat tərzinin təbliği” mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra narkomaniyanın zərərli təsirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarx seminar iştirakçılarında böyük təəssürat yaradaraq, mövzunun aktuallığını bir daha ön plana çıxarıb.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, seminarın mövzusu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə belə tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.