2025-ci ilin 9 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Tələbədən investora: Kapital bazarlarına baxış” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirin moderatoru, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev seminarın açılışında çıxış edərək tədbirin məqsədi və aktuallığı barədə məlumat verib. O, kapital bazarlarının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynadığını, tələbələrdə maliyyə savadlılığının artırılmasının zəruriliyini vurğulayıb.
Açılış nitqindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun İqtisadiyyat kafedrasından dos. Vüqar Məmmədli “Ölkənin iqtisadi inkişafında kapital bazarlarının rolu”, Aytən Nadirova “Qiymətli kağızlar bazarı: Azərbaycanda mövcud vəziyyət və perspektivlər” və Arif Kələşov “Kapital bazarında məlumatlılıq və maarifləndirmə səviyyəsinin artırılmasında ali təhsil müəssisələrinin rolu” adlı məruzələrlə çıxış ediblər.
Təqdim edilən məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanılıb, mövzularla bağlı müzakirələr aparılıb.