Su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətində MDU–İES əməkdaşlığı qurulub

  • Post category:MSU News

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mingəçevir İstilik Elektrik Stansiyası (İES) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi çirkab suların təmizlənməsi, su ehtiyatlarının dayanıqlı idarə olunması, Regional Su Mükəmməlliyi və Dayanıqlılığı Laboratoriyasının fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, eləcə də tələbələrin istehsalat və təcrübə fəaliyyətinin təşkili sahələrində birgə əməkdaşlığın qurulmasıdır.

İmzalanmış memorandum çərçivəsində tərəflər regionun su təhlükəsizliyi, su ehtiyatlarının səmərəli istifadəsi, tullantı və çirkab suların təmizlənməsi texnologiyalarının öyrənilməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və müasir su idarəetmə həllərinin tətbiqi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri MDU-da yaradılması nəzərdə tutulan Regional Su Mükəmməlliyi və Dayanıqlılığı Laboratoriyasının fəaliyyət mexanizmlərinin formalaşdırılmasıdır. Laboratoriyanın regionun su problemlərinin araşdırılması, innovativ həllərin hazırlanması, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformaya çevrilməsi planlaşdırılır.

Memoranduma əsasən, universitet tələbələri üçün İES-də istehsalat təcrübələrinin təşkili, müəssisənin mütəxəssislərinin tədris və elmi fəaliyyətə cəlb edilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və müasir texnologiyalar üzrə bilik mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, bu təşəbbüs Mingəçevir Dövlət Universitetində su ehtiyatlarının idarə olunması və çirkab suların təmizlənməsi istiqamətində həyata keçirilən ən genişmiqyaslı əməkdaşlıq layihələrindən biridir. Eyni zamanda, region universitetləri arasında su dayanıqlılığı, su təhlükəsizliyi və tullantı suların idarə olunması sahələrini əhatə edən ilk sistemli universitet-sənaye əməkdaşlığı nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.

Memorandum universitetin dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə təmiz su və sanitariya, iqlim fəaliyyətləri, dayanıqlı şəhər və icmalar, eləcə də sənaye-innovasiya istiqamətlərində strateji hədəflərinə xidmət edir. Bu əməkdaşlıq nəticəsində həm elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, həm də tələbələrin əmək bazarının tələblərinə uyğun praktiki bilik və bacarıqlarla təmin olunması məqsədilə yeni imkanlar yaradılacaq.

MDU-nun sənaye tərəfdaşları ilə qurduğu bu əməkdaşlıq modeli universitet–sənaye inteqrasiyasının gücləndirilməsinə, regionun sosial-iqtisadi inkişafına və dayanıqlı gələcəyin formalaşdırılmasına mühüm töhfə verəcəkdir.