2026-cı ilin 26–27 aprel tarixlərində Trendyol, PAŞA Holding və Women in Tech Azerbaijan tərəfindən təşkil olunan “Süni intellektlə yeni başlanğıc” adlı iki günlük intensiv layihədə Mingəçevir Dövlət Universitetinin 15 nəfər tələbə qızı iştirak edib.
Kür Arena Oteldə süni intellekt düşərgəsi formatında təşkil olunan layihədə universitetin Mühəndislik, İqtisadiyyat və idarəetmə, eləcə də Təhsil fakültələrinin müxtəlif ixtisaslarında təhsil alan tələbələri təmsil olunublar.
Layihə 2026-cı il Beynəlxalq “Girls in ICT Day” çərçivəsində müəyyən edilmiş “AI for Development: Girls Shaping the Digital Future” mövzusuna uyğun olaraq həyata keçirilib.
Tədbirin əsas məqsədi regionlarda yaşayan 18–25 yaş arası gənc qızların süni intellekt sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların AI alətlərindən səmərəli istifadə imkanlarının artırılması və əldə etdikləri biliklərin gələcək karyera imkanlarına çevrilməsinə dəstək göstərilməsi olub.
İki gün davam edən intensiv proqram çərçivəsində iştirakçılara süni intellekt texnologiyalarının tətbiq sahələri, rəqəmsal transformasiya prosesləri, innovativ texnoloji həllər və müasir əmək bazarında AI bacarıqlarının rolu ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.
Bununla yanaşı, iştirakçılar komanda işi, problem həlli, yaradıcı düşüncə və texnoloji innovasiyalar istiqamətində müxtəlif praktiki tapşırıqlar və interaktiv sessiyalarda iştirak ediblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması, innovasiya və texnologiya yönümlü təşəbbüslərə cəlb olunması, eləcə də qadınların STEM və süni intellekt sahələrində iştirakının təşviqi universitetin prioritet fəaliyyət istiqamətlərindən biridir.