Tələbə Mübadiləsində Yeni İmkan: Mingəçevir Dövlət Universiteti Bahçeşehir Universiteti ilə əməkdaşlıq edəcək

  • Post category:MSU News

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbə-akademik heyət mübadiləsinin təşviqi məqsədilə Mingəçevir Dövlət Universiteti ilə Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bahçeşehir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu məqsədlə 2025-ci ilin 23 dekabr tarixində MDU-nun tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində İstanbul şəhərində yerləşən Bahçeşehir Universitetini ziyarət edib.

Görüş zamanı ali təhsildə qlobal tendensiyalar, akademik mobillik, universitetlərarası əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında müzakirələr aparılıb.

MDU nümayəndə heyəti universitetin beynəlmiləlləşmə strategiyası barədə məlumat verərək bildirib ki, Bahçeşehir Universiteti ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri, akademik tədbirlər və ortaq təhsil proqramlarının həyata keçirilməsi baxımından mühüm imkanlar yaradacaq.

Görüşün sonunda imzalanan Anlaşma Memorandumu iki universitet arasında institusional əməkdaşlıq üçün ümumi hüquqi çərçivə rolunu oynayır və gələcəkdə konkret birgə layihələrin həyata keçirilməsi üçün əsas yaradır.

Memorandum bakalavr və magistr tələbələrinin mübadiləsini, akademik heyətin tədris və tədqiqat proqramlarında iştirakını, alim və mütəxəssislərin mühazirə, seminar və təcrübə mübadiləsini, elmi və akademik nəşrlərin mübadiləsini, birgə peşəkar inkişaf layihələrinin həyata keçirilməsini, ortaq təhsil proqramlarının hazırlanması və icrasını, eləcə də tərəflərin qarşılıqlı razılığı əsasında digər əməkdaşlıq formalarını əhatə edir.

Qeyd edək ki, Bahçeşehir Universiteti ilə əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və qlobal ali təhsil məkanına inteqrasiyasının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.