Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan Təşkilat komissiyasının növbəti iclası keçirilmişdir. İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri ilə yanaşı, Təşkilat komissiyasının üzvləri olan əmək bazarının nümayəndələri də iştirak edirdi. Universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov komissiyanın işinə uğurlar arzulamış və MDU-nun tərəfdaşlarına komissiyanın işində yaxından iştiraklarına görə onlara təşəkkürünü bildirmişdir. Üzeyir Zeynalov Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nda nəzərdə tutulan tələblər, meyarlar haqqında danışaraq, görüləcək işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsinin vacibliyini qeyd etmişdir. Üzeyir Zeynalov hazırlanacaq Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin mövcud qaydaların tələblərinə uyğun şəkildə tərtib olunmasını komissiya üzvlərinin nəzərinə çatdırmışdı.
Təşkilat komissiyasının sədri, Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov komissiyanın üzvləri arasında iş bölgüsünün aparıldığını və fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini və komissiya öz işini təsdiq edilmiş fəaliyyət qrafiki əsasında qurduğunu bildirmişdir.
Sonra komissiya üzvləri görülən işlər haqqında məlumat vermiş və görüləcək işlərin istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Komissiyanın tərəfdaş müəssisələrdən olan üzvləri MDU institusional akkreditasiya üzrə hazırlanacaq Özününtəhlil hesabatının hazırlanması üçün hərtərəfli dəstək göstərəcəklərini bildirmişdirlər.
Xatırladırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 04 dekabr 2024-cü il tarixli məktubunu rəhbər tutaraq, 2025-ci ildə MDU-da nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün Təşkilat komissiyasının yaradılması haqqında müvafiq əmr verilmişdir. Komissiyanın tərkibinə universitetin struktur bölmələrinin rəhbərləri ilə yanaşı MDU-nun tərəfdaşlarının nümayəndələri də daxil edilmişdir.