23 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin(MDU) “Bir Könüllü” tələbə təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Mədəniyyətlərin rəngarəngliyi” adlı tədbir keçirilib. Müxtəlif xalqların mədəni irsini təbliğ etmək, gənclər arasında tolerantlıq və multikultural dəyərləri təşviq etmək məqsədilə təşkil edilmiş bədii tədbirdə universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov tədbirin əhəmiyyətinə diqqət çəkərək bu təşəbbüslərin gənclərin dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Açılış nitqindən sonra universitetin tələbələrinin ifasında müxtəlif səhnəciklər səsləndirilib, rəqslər oynanılıb. Tələbələr Azərbaycanla yanaşı, müxtəlif xalqların milli geyimlərini nümayiş etdirərək onların musiqi və rəqs nümunələrini təqdim ediblər.
Çıxışlar izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda MDU-nun “Bir Könüllü” tələbə təşkilatının sədri Qorxmaz Rəhimov çıxış edərək bu kimi təşəbbüslərin gənclər arasında qarşılıqlı hörmət və anlayışın güclənməsinə xidmət etdiyini vurğulayıb, iştirakçılara təşəkkürünü bildirib.