Mingəçevir Dövlət Universitetində Elmi Tədqiqat və İnnovasiya Şöbəsinin təşkilatçılığı ilə “WUF13 Baku: Şəhərlərin Gələcəyinə Baxış” mövzusunda təqdimat xarakterli elmi tədbir təşkil olunmuşdur. Tədbirdə universitetin bir sıra akademik heyət üzvləri və tələbələr iştirak etmişdir.
Tədbirin açılışı MDU Elmi Tədqiqat və İnnovasiya Şöbəsinin müdiri Ramil Həsənov tərəfindən elan edildi və iştirakçılara Dünya Şəhər Forumu – WUF13 ilə bağlı hazırlanmış qısa videorolik nümayiş etdirildi. Daha sonra Ramil Həsənov “WUF13: Şəhərlərin Gələcəyini Formalaşdıran Platforma” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışda Birləşmiş Millətlər Təşkilatının UN-Habitat proqramı çərçivəsində Bakıda təşkil olunacaq Dünya Şəhər Forumunun mahiyyəti, strateji məqsədləri və qlobal urban inkişaf gündəliyində rolu barədə fikirlər ifadə edildi. Eyni zamanda, forumun dayanıqlı şəhərsalma, mənzil təminatı və urban idarəetmə sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Tədbirin növbəti mərhələsində MDU-nun məsləhətçi professoru, prof. Veysəl Əyyubov “‘Şəhərsalma və Memarlıq İli’ çərçivəsində Mingəçevir Dövlət Universitetinin akademik və praktiki təşəbbüsləri” mövzusunda məruzə ilə çıxış etdi. Çıxış zamanı universitetdə şəhərsalma, memarlıq və davamlı inkişaf istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, innovativ yanaşmalar və tətbiqi layihələr barədə məlumat verildi.
Məruzələrdən sonra tədbir iştirakçıları arasında müzakirələr aparılmış, WUF13-ün həm qlobal urban inkişaf, həm də yerli şəhərsalma siyasətləri baxımından əhəmiyyəti ətraflı şəkildə müzakirə olunmuşdur.