2026-cı ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin təşəbbüsü ilə tələbələr üçün “Mingəçevir Tekstil” MMC-də “Rəqəmsal mədəniyyət və kibertəhlükəsizlik” mövzusunda maarifləndirici seminar təşkil olunub.
Seminarın əsas məqsədi tələbələrin müasir rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, kibertəhlükələrdən qorunma yolları və rəqəmsal mədəniyyətin formalaşdırılması istiqamətində bilik və bacarıqlarının artırılması olub. Tədbir “Mingəçevir Tekstil” MMC-nin İT şöbəsinin müdiri Yasin Quliyev tərəfindən təqdim edilib.
Seminar zamanı iştirakçılara rəqəmsal platformalarda təhlükəsizliyin təmin olunması, şəxsi məlumatların qorunması, kibercinayətkarlığın yaratdığı risklər, sosial şəbəkələrdə düzgün davranış prinsipləri, eləcə də gündəlik həyatda və peşə fəaliyyətində kibertəhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi barədə ətraflı məlumat verilib. İnteraktiv formatda keçirilən görüş zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, real nümunələr üzərindən faydalı müzakirələr aparılıb.
Tələbələr seminarı böyük maraq və məmnunluqla qarşılayaraq, bu cür təşəbbüslərin onların nəzəri biliklərinin zənginləşdirilməsi və peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.