MDU-da interaktiv təlim: Vətəndaşların sağlam həyat tərzinə iqlim dəyişikliklərinin təsiri

30 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə, kafedranın müəllimi Aydın Kərimov tərəfindən “Vətəndaşların sağlam həyat tərzinə iqlim dəyişikliklərinin təsiri” mövzusunda interaktiv təlim keçirilib.

MDU-nun Psixologiya və pedaqogika kafedrasının müdiri, professor Fərəh Cəlilin moderatorluğu ilə keçirilən təlimdə Təhsil fakültəsinin tələbələri iştirak edib.

Təlimdə ekstremal hava hadisələrinin insan sağlamlığına təsirləri, fiziki həssas qrupların artan riskləri, sağlam həyat tərzinin təşviqi və ətraf mühitin mühafizəsində vətəndaşların rolu ətrafında geniş müzakirələr aparılıb.

Təlimin əsas məqsədi iştirakçıları iqlim dəyişikliklərinin sağlamlıq və həyat keyfiyyətinə təsiri barədə məlumatlandırmaq, ətraf mühit risklərinin insan həyatı üçün yaratdığı təhlükələri nəzərdən keçirmək, həmçinin sağlamlığın qorunması üçün fərdi və ictimai səviyyədə atıla biləcək addımları vurğulamaq olub.

İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar praktiki suallar ətrafında canlı diskussiyalar aparıb, real situasiyalardan çıxış yolu tapmağa yönəlmiş məşqlərdə iştirak ediblər.

MDU-da tibbi və psixoloji inkişafı dəstəkləyən bu kimi maarifləndirici təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.