Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Dayanıqlı turizm və ətraf mühit” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov,tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçıları salamlayıb. O, ölkədə turizm sahəsinin inkişafı fonunda universitetin bu istiqamətdə ixtisaslaşmış kadr hazırlığına xüsusi önəm verdiyini bildirib. Rektor turizm ixtisasları üzrə tədris proqramlarının beynəlxalq tələblər əsasında təkmilləşdirildiyini, tələbələrin istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi və real sektorla əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb. O, aparılan elmi-tədqiqat işlərini yüksək qiymətləndirərək, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Sonra, konfrans MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə davam etdirilib. O, çıxışında tədbirin əsas məqsədinin dayanıqlı turizm və ətraf mühit problemləri ilə bağlı elmi müzakirələrə şərait yaratmaq, gənc tədqiqatçıların fikir və təkliflərini paylaşmaları üçün platforma təqdim etmək olduğunu bildirib.
Daha sonra, konfransın proqramına uyğun olaraq Panel iclası başlayıb. MDU-nun Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin rəhbəri Lalə Əhmədova “Region turizminin inkişafında MDU-nun Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin rolu”, Mərkəzin üzvülərindən İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev “Azərbaycanda dayanıqlı turizmin inkişaf strategiyası”, İqtisadiyyat kafedrasının müəllimi Aysel Qocayeva “Azərbaycanda ekoturizmin inkişafında milli parkların rolu (Göygöl Milli Parkı timsalında)”, Nərmin Əliyeva “Mədəni irsin turizmdə rolu: Azərbaycanın tarixi abidələri”, tələbələrdən Coşqun Bahadurbəyli “Azərbaycanda turizmin inkişaf perspektivləri” və Mələkxanım Soltanova “Beynəlxalq turist axınının dayanıqlı iqtisadi inkişafda rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Konfrans bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.