MDU-da “Monopoliyada qiymət fərqləndirilməsi və riyazi tətbiqlər” mövzusunda ustad dərsi keçirilib

2025-ci ilin 14 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrası və Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Düzce Universitetinin professoru Oğuz Karanın ustad dərsi keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan dərsə MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları qatılıb.

“Monopoliyada qiymət fərqləndirilməsi və riyazi tətbiqlər” mövzusunda keçirilən ustad dərsinin əvvəlində MDU-nun Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin müdiri, dos. Asim Məmmədov iştirakçıları salamlayaraq prof. Oğuz Karaya iştirakına və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Sonra prof. O.Kara təqdimatla çıxış edib. O, monopoliyalarda qiymət formalaşması, tələb-təklif əsasında fəaliyyət göstərən bazarlarda inhisarçılığın yaratdığı problemlər və bunun iqtisadi inkişafda doğurduğu çətinliklərdən bəhs edib. Professor qiymət fərqləndirilməsi üsullarını üç əsas qrup üzrə təsnif edərək, hər birinə dair konkret nümunələr və riyazi metodlar təqdim edib, qrafik izahlarla iştirakçıları məlumatlandırıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan ustad dərsinin sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb.

Tədbirin sonunda MDU-nun İqtisadiyyat kafedrasının müdiri vəzifəsini icra edən Arif Tağıyev çıxış edərək prof. O.Karaya təşəkkürünü bildirib, gələcəkdə də bu kimi elmi-pedaqoji əməkdaşlıqların davamlı olacağına inamını ifadə edib.