MDU-da VEHUB4YOU layihəsi çərçivəsində fasilitatorlar üçün modul təlimlər keçirilib

02 , 04 və 09 sentyabr 2024-cü il tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) adlı Erasmus+ layihəsi çərçivəsində modul təlimlər keçirilib. Təlimlərdə MDU-nun akademik-inzibati heyəti ilə yanaşı, şəhər ümumtəhsil məktəblərinin müəllimləri də iştirak edib.

İlk təlim İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Arif Kələşovun təqdimatında “Maliyyə savadlılığı” mövzusunda keçirilib. Təlimdə şəxsi maliyyə idarəçiliyi, büdcə planlaşdırması, qənaət və investisiya mövzularına toxunulub. Həm fərdi şəxslərə, həm də kiçik və orta sahibkarlıq fəaliyyəti göstərmək istəyənlərə maliyyə qərarları zamanı daha düşünülmüş addımlar atmağa, resurslardan daha səmərəli istifadə etməyə kömək edən faydalı məlumatlar verilib.

“Virtual öyrənmənin təşkili üçün milli platformalar” adlı ikinci təlimdə Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Təranə Əliyeva təqdimatla çıxış edib. O, sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində tətbiq edilən innovativ yeniliklər haqqında məlumat verib. İnformasiya texnologiyalarının müasir insan həyatının ayrılmaz hissəsinə çevrildiyini vurğulayan T.Əliyeva bir sıra portalların xidmətləri haqqında danışıb və həmin xidmətlərin əlçatanlığı, operativliyi, effektivliyi və rahatlığını izah edib.

Üçüncü təlim “Təhsildə və təlimdə rəqəmsal kommunikasiya” mövzusunda olub. Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov rəqəmsal kommunikasiyanın üstünlükləri, təhsildə və təlimdə rəqəmsal texnologiyaların yaranma səbəbləri, tədrisdə istifadə olunan əsas rəqəmsal texnologiyalar, təhsil və təlim texnologiyası trendləri, rəqəmsal kommunikasiyanın riskləri və problemləri barədə geniş məlumat verib.

Kafedranın digər müəllimi Babək Hüseynovun moderatorluğu ilə keçirilən “Azərbaycanda biznesə başlamaq” adlı dördüncü təlimdə biznesin planlaşdırılması, marketinq və bazar araşdırması, SWOT analizi, sahibkarlıq prosesi, fəaliyyətin düzgün dəyərləndirilməsi və maliyyənin idarə edilməsi haqqında geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, MDU-da gələcəkdə insanların maliyyə ilə bağlı daha yaxşı qərarlar verməsinə və ümumilikdə iqtisadi dayanıqlığın artmasına təkan vermək məqsədilə bu kimi təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.