Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının 2024-2025-ci tədris ilində bu ali təhsil müəssisəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” rus dili bölməsi üzrə kadr hazırlığına başlanılması ilə bağlı növbədənkənar iclası keçirilib. İclasda MDU-nun Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov və kafedranın professor-müəllim heyəti iştirak edib.
Giriş sözü ilə çıxış edən N.Zeynalov bildirib ki, MDU-da əmək bazarının tələbinə uyğun olaraq kadr potensialını təkmilləşdirmək mədsədilə təhsilin bakalavriat və magistratura səviyyələri üçün qəbul planında bir sıra dəyişikliklər edilib. Həmin yeniliklərdən biri də “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının rus dili bölməsi üzrə kadr hazırlığına başlanılmasıdır. Dekan qeyd edib ki, MDU xarici dillərin tədrisində artıq uzun illəri əhatə edən pedaqoji təcrübəyə malikdir və bu potensial öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, MDU-da “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)” ixtisasları üzrə kadr hazırlığı işi uğurla davam etdirilir. Lakin, Mingəçevir şəhəri və ona yaxın bölgələrdə yerləşən bəzi məktəb və liseylərdə rus dili bölməsi üzrə də təhsilin aparılmasına baxmayaraq, orada fənn tədris edən müəllimlərlə bağlı bir sıra çətinliklərin yaşandığı diqqətə çatdırılıb. N.Zeynalov məhz bu ehtiyacı və eyni zamanda Xarici dillər kafedrasının mövcud potensialını nəzərə alaraq MDU-da rus dili bölməsində Xarici dil müəllimliyi (ingilis dil üzrə) üzrə kadr hazırlığına başlanılması işinə start verildiyini diqqətə çatdırıb.
Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov kafedranın iş prinsiplərindən bəhs edərək, növbəti tədris ilində görüləcək işlərdən danışıb. Bildirib ki, qəbul planının bakalavriat səviyyəsi üzrə əlavə edilən “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üçün rus dili bölməsində 25 yer (əyani formada) nəzərdə tutulub. O, qeyd edib ki, təqdim olunan yeni ixtisas üzrə mütəxəssis hazırlığının müvəffəqiyyətlə aparılması istiqamətində müzakirələr aparılıb, mövcud maddi-texniki baza, kadr təminatı nəzərdən keçirilib, universitetin imkanları təhlil olunub. M.Rəhimov qarşıya qoyulan məqsədə nail olmaq üçün Xarici dillər kafedrasının Təhsil fakültəsi ilə birlikdə yeni ixtisasın tədrisi üçün zəruri olan hüquqi-normativ və tədris sənədlərini (ixtisasın tədris planı, illik işçi tədris planı, müvafiq fənlər üzrə proqramlar, rusdilli pedaqoji kontingent) hazırlandığını və təsdiq olunduğunu bildirib.
Sonda iclasda iştirak edən müəllimlər öz təkliflərini irəli sürüb, müəyyən müzakirələr aparılıb.