Bu gün XX əsrin ən böyük faciələrindən olan və qan yaddaşımıza çevrilən Xocalı soyqırımının 32-ci ildönümüdür. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu qanlı hadisə müasir tariximizdə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətdir.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O qeyd edib ki, 32 il əvvəl soyuq fevral gecəsində yüzlərlə günahsız insan, o cümlədən qocalar, qadınlar və uşaqlar yalnız azərbaycanlı olduqları üçün xüsusi qəddarlıqla qətlə yetirilmiş və Xocalı şəhəri yer üzündən silinmişdir: “Beynəlxalq birliyin sərt qınaq və təzyiqlərinə məruz qalmayan, əksinə bir çox hallarda xarici havadarlarından dəstək alan erməni vəhşiləri cəzasız qalacaqlarını düşünür və getdikcə daha da azğınlaşırdılar. Lakin faşist və vandal xislətli düşmən amansız qətliamlar törətməklə öz mənfur niyyətlərinə çata bilmədi. Azərbaycan insanını qoxutmaq və onun mübarizlik əzmini qırmaq məqsədləri puça çıxdı”.
Rektor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər düşmənə ən kəsərli cavab oldu. Döyüş meydanında sarsıdıcı zərbələrlə düşmənin belini qıran qalib Ordumuz əzəli torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Eyni zamanda, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 24 saatdan az bir müddətdə qanunsuz erməni silahlı birləşmələri təslim oldu. Suverenliyimizin tam bərpa olunması və əli qana bulaşmış terrorçuların bir hissəsinin məhv edilməsi ilə şəhidlərimizin qisası alındı. Hazırda doğma Qarabağımızı, o cümlədən Xocalını azad görməkdən sonsuz sevinc hissi keçiririk. Xocalı qurbanlarının qanlarının töküldüyü doğma torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanması olduqca qürurvericidir.
“Bu il ilk dəfədir ki, Xocalı faciəsinin növbəti ildönümünü Xocalıda da qeyd edirik. Əminik ki, bu gün bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının ruhu şaddır. Bir daha təsdiq olundu ki, heç bir terror aktı və genosid cinayəti Azərbaycan xalqının qürurunu sındıra bilməz”, – deyən Ş.Bayramov qeyd edib ki, bu gün tarixi torpağımız olan Xocalı şəhərinin yenidən qurulması hər bir Azərbaycan vətəndaşına fəxarət hissi yaşadır. İnanırıq ki, bundan sonra Xocalı deyiləndə yalnız qətliam və faciə deyil, qəhrəmanlıq səhifəsi, müasir şəhər, tərəqqi və davamlı inkişaf yada düşəcək. Xocalı tezliklə doğma Azərbaycanımızın ən gözəl və abad guşələrindən birinə çevriləcəkdir.
Onun sözlərinə görə, nə qədər illər keçsə də, Xocalı faciəsini heç zaman unutmamalıyıq. Yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə də xüsusi önəm verən ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilmiş tədbirlərin keçirilməsinə və gənc nəsil arasında təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir. “Bununla əlaqədar olaraq qeyd etmək istərdim ki, Mingəçevir Dövlət Universitetində Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə ötürülməsi, eləcə də ölkə daxilində və onun hüdudlarından kənarda daha geniş ictimaiyyətə çatdırılması diqqət mərkəzində saxlanılır. Universitetimizin tələbə və müəllim kollektivi Xocalı faciəsi barədə elmi konfranslar və dəyirmi masalar təşkil etməklə, xarici dillərdə mətn və vizual məzmun yaratmaqla və digər fəaliyyətlər həyata keçirməklə soyqırımı qurbanlarının əziz xatirəsini yad edirlər. Bir daha faciə qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik”, – deyə o əlavə edib.