Heydər Əliyev və Azərbaycan təhsilində ilk islahatlar (Təhsil jurnalı)

Təhsil jurnalı, 09.05.2023

RuhiyyəHüseynova,

Mingəçevir Dövlət Universiteti, i.f.d.

Xülasə
 Məqalədə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci və ikinci hakimiyyəti dövründə təhsil və elmin inkişafı istiqamətində apardığı islahatlar, Azərbaycan təhsil sisteminin inkişafındakı xidmətləri geniş şəkildə araşdırılmışdır. Eyni zamanda ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin təhsil sisteminin, Azərbaycanda elmin və təhsilin inkişafında apardığı islahatlara toxunulur.

 Açar sözlər: ümummilli lider, təhsil konsepsiyası, elm, islahat, kadr hazırlığı

Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.  Ölkəmizdə təhsilə qayğı və diqqət, onun inkişafının dəstəklənməsi Ümummilli Liderimiz Heydər Əliyevin dövlət quruculuğunun mühüm tərkib hissəsi olmuşdur. Onun təhsil siyasətinin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarət idi.
“Ümumi çətinliklər nə qədər olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə etməliyik”.
Heydər Əliyev 
    XX əsrin 70-ci illərindən başlayaraq quruculuq missiyasını cəsarətlə həyata keçirən dahi şəxsiyyət, Ulu Öndər H.Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. Azərbaycanın inkişafı tarixinda əldə olunan nailiyyətlər, təhsil sahəsində aparılan islahatlar H.Əliyevin böyük və əvəzsiz xidmətlərinin nəticəsidir.
       Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan H.Əliyev 1969-cu ildən milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, elm və təhsil, iqtisadiyyatın yüksəldilməsi yolunda düşünülmüş siyasət yeritdi. Elm və təhsilin inkişafına diqqət və qayğı artırıldı. O, hakimiyyətə gələn kimi  ilk növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Əvvəllər də dövlət işlərində çalışmış H.Əliyevi Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti daim maraqlandırmış və bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilin nailiyyətləri, qüsurları, nöqsanlarını da bilir, təhsil məsələlərinə ciddi fikir verirdi [1].
    H.Əliyev dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxıb, bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi idealının gerçəkləşdirilməsinə yönəldirdi. Digər tərəfdən, azərbaycanlılar üçün o dövrün mürəkkəbliklərindən, çətinliklərindən biri də sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış erməni mafiyası idi. Bakıda yaşayan ermənilər siyasi-iqtisadi, hərbi və hüquq-mühafizə orqanlarında, hakimiyyətin bütün pillələrində isti yuva qurmuşdular və qüvvələrini milli kadrların yetişməsinin qarşısını almağa yönəltmişdilər. Belə ziddiyyətli, ağır və mürəkkəb bir dövrdə, 1969-cu ildə  H.Əliyev Azərbaycana rəhbər təyin olundu.
     H.Əliyevin siyasətinin başlıca məramı güclü iqtisadiyyata malik dövlət qurmaq və sağlam milli kadrlar yetişdirmək idi. Ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün fəal təhsil və kadr konsepsiyasını irəli sürdü.
     Təhsildə islahatlar dönüş xarakteri aldı, yeni təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas aldı. 1969-cu ildə 50, 1969-1975-ci illərdə 600, 1977-1978-ci illərdə 800-900 nəfər, ümumi olaraq 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali təhsil məktəblərinə təhsil almağa göndərilmişdi [2].
    Qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, xeyli elmi məktəblərin əsası qoyuldu.  1970-ci illərin ortalarında düşünülmüş kadr siyasəti nəticəsində erməni kadrlarının vəzifədən götürülməsi o zaman nə qədər həyəcan va qalmaqal doğursa da, görülən tədbirlər ən yüksək səviyyədə respublika başçısı H.Əliyev tərəfindən himayə olunurdu. Mərkəzdə də aydın başa düşürdülər ki, ölkə rəhbəri yerlərdə aparılan kadrların milliləşdirilməsi siyasətini və dəyişikliklərini daim müdafiə edir [4].
    1970-1980-ci illərdə Azərbaycanda 300 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadayə verildi. Tədricən 8 illik təhsildən 10 illik təhsilə keçid üçün zəmin yaradıldı. 
    1972-ci il avqustun 10-da “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul edildi. Qərara əsasən orta məktəblər şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllimlərin sayının artırılması, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və s. məsələlərin həlli öz əksini tapdı. Gənclərin orta təhsillə tam əhatə olunması, məktəblərin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri məsələlərinə ciddi nəzarət edildi, məktəb binalarının digər müəssis və idarələrə verilməsi qadağan edildi. Nəticədə orta təhsil alan uşaqların sayı 1980-ci ildə 710 minə qədər artdı [4]. 
      1970-1980-ci illərdə respublikada geniş vüsət alan tikinti quruculuq işlərini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək üçün Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) yaradıldı, daha sonra Gəncədə Azərbaycan Texnologiya İnstitutu (hazırkı Azərbaycan Texnologiya Universiteti), Gəncə Pedaqoji İnstitutu, Azərbaycan Pedaqjoi Rus dili və Ədəbiyyatı İnstitutu (hazırkı Bakı Slavyan Universiteti), N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, C.Naxçıvanski adına Hərbi Məktəb, BDU-nun şərqşünaslıq fakültosinin bina və tədris korpusları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda beş yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar H.Əliyevin ali təhsilin inkişafina, respublikanın milli kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur. [4]
       H.Əliyev Moskvada işlədiyi dövrdə də təhsil məsələlərinə daim böyük önəm vermişdir. Siyasi Büroda çıxışında demişdir: “Bu günün məktəblisi hansı istedada malik olmasından istər əkinçi, yaxud kosmonavt, istər inşaatçı, ya rəssam, istər poladəridən, yaxud hakim olmasından asılı olmayaraq, məqsədinə öz gərgin zəhməti, əməyilə nail olmalıdır. Ancaq əməyilə xalqın rifahı, doğma Vətəninin mənafeyi naminə çalışanlar əsil vətəndaş kimi özünü təsdiq edə bilərlər” [10]. 
    Azərbaycanda təhsilin tənəzzülü ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqillik əldə edildikdən sonra xüsusilə geniş miqyas aldı, təhlükəli meyllər özünü göstərməyə başlamışdı. 
     1993-cü ilin iyunundan başlayaraq H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə respublikamızın mövqeləri və müstəqilliyi daha da möhkəmləndirdi.   Digər sahələrdə olduğu kimi elm və təhsil sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyllərin qarşısı alındı. Milli təhsil sisteminin bərpası və yeni şəraitin tələblərinə uyğun olaraq inkişaf etdirilməsi üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yarandı. 
    H.Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil və bəşəri elm müstəsna yer tutmalıdır. Onun milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında isə belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistral və hamar yolu mütləq və mütləq milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir. Buna görə də o, prioritet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkdi [6].
       Azərbaycan təhsili və elminə böyük hörmətlə yanaşan  H.Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri, alimlər, ziyalılarla görüş keçirdi. H.Əliyev görüş zamanı demişdir: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir… Əmin ola bilərsiniz ki, AMEA da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir… Biz isə bu sahəyə hər cür kömək göstərəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri də inkişaf edəcəkdir…” [7].
      H.Əliyevin bu tarixi nitqindən sonra Azərbaycanda elmin, təhsilin gələcək inkişaf yollarına həmin istiqamətdə dövlət siyasətinin əsasları işlənilməyə, bu sahədə inkişaf strategiyasını müəyyən edən islahatlar proqramının hazırlanmasına başlanıldı.
      H.Əliyevin 30 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında” sərəncamı ilə müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Ümumdünya Bankının vəsait qoyuluşunu təmin etmək, təhsil sahəsində islahat proqramını hazırlamaq barədə dövlət komissiyası yaradıldı. Bununla da islahat sahəsində yeni tarixi mərhələnin əsası qoyuldu. Dövlət komissiyası tərəfindən qısa müddətdə hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” geniş müzakirələrdən sonra H.Əliyev tərəfindən 1999-cu il iyunun 15-də tarixi bir gündə Milli Qurtuluş günündə xüsusi sərəncamla təsdiqləndi [7]. 
    İslahat Proqramının həyata keçirilməsi nəticəsində təhsilin məzmunu yeniləşdirilmiş, yeni nəsil proqramlar və dərsliklər hazırlanmış, bazis tədris planı əsasında işlənmiş işçi tədris planları tətbiq edilməyə başlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə standartların hazırlanması məqsədilə müəyyən işlər görülmüşdür.
      H.Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-da keçirdiyi görüşdə elm sahəsində də islahatların aparılmasının zəruriliyi xüsusi qeyd olunmuş, bu sahədə görülən işlərin əsas istiqamətləri müzakirə edilmiş, müvafiq normativ sənədlərin hazırlanması qərara alınmışdır. Az sonra AMEA rəhbərliyi ulu öndərin göstərişlərini əsas tutaraq “Elmin strateji inkişafi və Azərbaycan MEA-da islahatları konsepsiyası”nı hazırlayıb təsdiq etmiş və “Elm siyasəti haqqında” qanun layihələrini işləyib Milli Məclisə təqdim etmişdir [12].     
     1999-cu ilin martında H.Əliyev təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının iclasındakı yekun nitqində həmin dövrü xarakterizə edərək deyirdi: “… Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir qanun yaradasan” [5].       
     2000-ci il iyunun 13-də H.Əliyev “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni bir fərman imzalamışdır. Həmin fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmışdır. Fərmana müvafiq olaraq, ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, bir sıra universitetlərə muxtariyyat hüququ verilmiş, ölkəmizdə müəllim hazırlığın keyfiyytinin yüksəldilməsi məqsədilə Azərbaycan Müəllimlər İnstitutu va onun 12 filialı yaradılmış, müəllimlərin təkmilləşdirilməsi, ixtisasının artırılması üzrə dayaq məntəqələri şəbəkəsi təşkil edilmiş, keyfiyyətə nəzarətin müasir mexanizmlərinin yaradılması üzrə işçi qrupu müəyyənləşdirilmiş, həmin isçi qrupu tərəfindən müasir monitorinq və qiymətləndirmə mexanizmi hazırlanmışdır [12] .      
     2001-ci ilin iyun ayında AMEA-nın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirilmişdir. H.Əliyev seçki ərəfəsində akademiya üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqqında xüsusi sərəncam imzaladı. Bu seçkilərdə müxtəlif ixtisaslar üzrə 500 nəfərə yaxın iddiaçının sırasından 29 akademik və 91 müxbir üzv seçildi. Beləliklə, akademiya üzvlərinin sayı 79-dan 177-yə çatdı. Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı xeyli artmağa başlamışdır [9].
       H.Əliyev 2002-ci il iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışında həmin dövrü xarakterizə edən bir çox məqamlara toxundu və ziyalılığın dolğun tərifini verdi: ziyalı xalqın mənəvi dəyərlərini bilicisi və gələcəyə ötürücüsüdür. Ziyalı öz xalqı, öz milləti üçün xeyir nədir, şər nədir suallarının ətraflı cavablarını bilməlidir” [4 ].
         H.Əliyev 2002-ci ilin avqustun 30-da ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşmüşdür. Həmin görüşdə orta təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır və bu sahədə müvafiq orqanlar və təhsil müəssisələri qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.
       Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərindən biri məktəb tikintisi, mövcud ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı ilə bağlıdır.  2002-2003-cü dərs ilinin ilk günündə H.Əliyev öz çıxışında “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəyəcəm”-deməsi ölkə rəhbərinin problemə nə qədər böyük diqqət yetirməsinin əyani təzahürü idi [10].      
      1993-2002-ci illər ərzində Azərbaycanda 137 yeni məktəb binası tikilmişdir. Bunlardan 47-si Naxçıvan MR-in payına düşür. 1999-2002-ci illərdə xarici təşkilatlar tərəfindən respublikamızın on rayonunda 8936 yerlik 28 məktəb binası tikilmiş, 15 rayonda 29045 yerlik 70 məktəb binası təmir edilmişdir [10].      
    H.Əliyevin təhsil sistemində atdiğı addımların fərqləndirən cəhəti onun milli xarakter daşıması, ilk növbədə ölkənin inkişaf perspektivlərinə, xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə, zəngin tarixi ənənələrinə, demokratiyaya, humanizm prinsiplərinə əsaslanır, müstəqil, yaradıcı şəxsiyyətin və vətəndaşın formalaşdırılmasını, onun milli-mənəvi və bəşəri dəyərlərə ahəngdar inteqrasiyasını, təhsil alanların fasiləsiz təhsil almaq, daim yeniləşən biliklərə və dünyagörüşə yiyələnmək tələbatının ödənilməsini və dinamik inkişafını, intellektual va praktik kompetensiyalara, yeni informasiya və kommunikasiya texnologiyalarına yiyələnməsini təmin etdi.       
     Bildiyimiz kimi, şəxsiyyətin tərbiyəsində təlim prosesi əməkdaşlıq və qayğıkeşlik şəraitində həyata keçirilir, onun yaradıcılığını, potensial imkanlarını maksimum dərəcədə reallaşdırmağa zəmin yaradır. H.Əliyev bütün görüşlərində, etdiyi çıxış və nitqlərində gələcəyin vətəndaşının əsl şəxsiyyət kimi formalaşması probleminə xüsusi diqqət yetirmiş, XXI əsr müasir təhsil sistemi şəraitində şəxsiyyətyönümlü təlimə üstünlük vermiş, pedaqoji prosesin mərkəzində şagird şəxsiyyəti dayanmış, onun potensial imkanlarının maksimum dərəcədə reallaşdırılmasına, yeni təcrübəni qavramağa hazır olmasına, müxtəlif vəziyyətlərdə şüurlu və məsuliyyətli seçim etməsinə şərait yaratmış, şəxsiyyətyönümlü təlimin paradiqması şagirdin fizioloji və fərdi-psixoloji keyfiyyətlərinə əsaslanmış, şəxsiyyətin formalaşdırılması və inkişafı onun təbii qabiliyyətlərinə uyğun həyata keçirilmişdir. 
      H.Əliyevin fərmanı ilə “Dövlət dili haqqında” qanun qəbul edilmişdir. Həmin qanuna görə, bütün təhsil pillələrində Azərbaycan dilinin tədrisi ön plana çəkilmiş və qəbul imtahanlanında bu fənnin üstün mövqeyə malik olduğu xüsusi vurğulanmışdır. O, təhsil işçiləri və gənclərlə çoxsaylı görüşlərində doğma ana dilinin, Azərbaycan ədəbiyyatının, tarix və coğrafiyasının dərindən öyrənilməsinin vacibliyini dəfələrlə qeyd etmiş, bütün bunlarla əlaqədar qarşıya çox ciddi vəzifələr qoymuşdur.
     Müstəqil dövlətimizin milli kadr potensialının yaradılmasında və inkişafında təhsilin, onun keyfiyyətinə obyektiv münasibətin, istedadlı gənclərə hərtərəfli qayğı göstərilməsinin vacibliyini ortaya qoyur. Məhz  təhsilin səviyyəsi Azərbaycanın milli şüurumu, ictimai rəyini dünyada gedən sürətli proseslər səviyyəsinə qaldırır və respublikamızın özünə layiq yer tutmasına təminat verir. H.Əliyev görüş və çıxışlarında müstəqilliyimizin möhkəmləndirilməsi xətti ilə təhsilin müasir standartlara yaxınlaşdırılması siyasəti arasındakı əlaqəni daim önə çəkir, ölkəmizin dünya birliyində tutduğu yeri, onun elm, təhsil sahəsinə inteqrasiyasımı, iqtisadiyyatımızın daim inkişafını, xarici siyasətimizin səmərəliliyinin artırılmasını, dünya arenasına çıxa bilən, müasir biliklərlə silahlanmış intellektual kadrlara böyük ehtiyac olduğunu bildirirdi. 
    H.Əliyev: “Ümidvaram ki, bizim bugünkü gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli daha da yüksək səviyyəli olacaqlar”   
   Bugün Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə ulu öndər H.Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondunun yaradılması, müxtəlif Təhsil Proqramlarının həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı işlər Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaradır. Bütün bunlar bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
     Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkə Prezidentinin sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilmiş, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı artırılmışdır [12,14] 
    Heydər Əliyev ideoloji irsinin gənc nəslə davamlı olaraq çatdırılması ilə yanaşı ölkə təhsil sisteminin inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiyası, tələbəyönümlü təhsilin inkişafı, tədqiqat potensialının güçləndirilməsi, elm və təhsilimizin inkişafında aparılacaq davamlı islahatlar respublikamızın təhsil ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur.

İstifadə olunmuş ədəbiyyat siyahısı

  1. “Azərbaycan” qəzeti, 1 sentyabr 1998
  2. Azərbaycan Respublikası Dövlət siyasi partiyalar və İctimai hərəkatlar arxivi, Fond 1. siyahı 68, iş 84, səh. 155-159
  3. “Azərbaycan”, «Xalq” qəzetleri, 14 iyun 2002
  4. “Azərbaycan” qəzeti, 19 mart 1999
  5. “Azərbaycan”, Xalq qəzetleri, 20 aprel 1999
  6. “Azərbaycan” qəzeti, 22 sentyabr 1993
  7. Elm» qazeti, 23 may 2002
  8. “Azərbaycan” qəzeti, 3 sentyabr 2002
  9. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar arxivi. Fond 1. Siyahı 59, iş 73, səh.56-57
  10. Rusiya Federasiyasının Dövlət Arxivi. Fond 7523, siyahı 143, iş 20, səh. 40-47
  11. Mahirə Nağıyeva, “Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti”, Azərbaycan müəllimi, 13 avqust 2021
  12. Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir”. Çıxışlar. Nitqlər, Bakı, 2008-ci il, VIII cild, səh.368
  13.  Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın materialları, Mingəçevir, 4-5 may 2022
  14. https://president.az/az/articles/view/53280