MDU-da Qəzənfər Əliyevin elmi və ictimai fəaliyyətinə həsr olunmuş yubiley tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsində uzun illər müəllim və Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışmış Qəzənfər Əliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Yubiley tədbirində Azərbaycan Respublikasının Milli Məclisin deputatı Ağalar Vəliyev, Mingəçevir şəhər Ağsaqqallar Şurasının üzvləri və MDU-nun akademik-inzibati heyət üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov Q.Əliyevin universitetdə uzun illər ərzində göstərdiyi elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. O, Q.Əliyevin ixtisaslı kadrların hazırlanmasında verdiyi töhfələr barədə iştirakçılara ətraflı məlumat verib. Rektor, həmçinin, onun zəngin pedaqoji təcrübəsi və əvəzsiz xidmətlərindən bəhs edərək, yubilyara dərin təşəkkürünü ifadə edib və universitetin inkişafında göstərdiyi səylərin daim ehtiramla xatırlandığını, gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb.

Millət vəkili A.Vəliyev çıxışında Q.Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək, onun təhsil və ictimai sahələrdəki dəyərli töhfələrini yüksək qiymətləndirib. O, qeyd edib ki, belə ziyalıların yubileyinin qeyd olunması, gənc nəslin milli-mənəvi dəyərlərə, elmə və müəllim əməyinə hörmət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. A.Vəliyev tədbirin yüksək səviyyədə təşkilinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinə və universitet rəhbərliyinə təşəkkürünü ifadə edib.

Tədbirdə yubilyar Q.Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili professor Eldar Quliyevin əmri ilə “Azərbaycanın fəxri ağsaqqalı” döş nişanı, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Azərbaycan Həmkarlar İttifaqı – 30 il” döş nişanı ilə təltif olunub.

Q.Əliyev göstərilən diqqət və dəyərə görə təşəkkürünü bildirib, belə görüşlərin mənəvi baxımdan mühüm olduğunu və gənc nəslə nümunəvi mesaj verdiyini vurğulayıb. O, bu cür tədbirlərin elmi və pedaqoji dəyərlərin təbliğinə xidmət etdiyini qeyd edərək, MDU-nun uğurlarını hər zaman qürurla izlədiyini və universitetin inkişaf yolunda hər zaman mənəvi dəstəyə hazır olduğunu bildirib.

Tədbir iştirakçıları Q.Əliyevin mənalı ömür yolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışaraq onu nümunəvi ziyalı, sadiq müəllim və dəyərli şəxsiyyət kimi xarakterizə etdirərək onu yubiley və təltifləri münasibətilə təbrik ediblər.