Mingəçevir Dövlət Universitetinin əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2025-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban Bayramı münasibətilə Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov, 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, eləcə də mingəçevirli şəhid Təbriz Cüməzadə və şəhərin Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.

Görüşlər zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən ailə üzvlərinə bayram münasibətilə sovqatlar təqdim edilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, MDU-da gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verilir. Universitet qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların igidliklərinin gənc nəslə təbliği və şəhid ailələri ilə davamlı ünsiyyətin saxlanılmasını prioritet istiqamətlərdən biri kimi dəyərləndirir.