Azərbaycan Respublikası Gənclər Fondunun 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) 3 tələbəsi və 1 magistrantı tərəfindən təqdim edilən 4 layihə qaliblər sırasında yer alıb.
Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov Gənclər Fondunun qrantını qazanan tələbə və magistrantlarla görüşüb.
Gənclər arasında respublika səviyyəsində keçirilən belə nüfuzlu qrant müsabiqəsində uğur qazanmaları münasibətilə təbriklərini çatdıran Ş.Bayramov MDU-nu layiqincə təmsil edən tələbələrə təşəkkürünü bildirib. Gənclərin hərtərəfli inkişafının təmin olunmasında, eləcə də onların innovativ ideyaları və yaradıcı təşəbbüslərinin həyata keçirilməsində müsabiqənin mühüm dəstəkləyici rolundan bəhs edən rektor qalib tələbələri Fondun yaratdığı imkanlardan maksimum faydalanacaqlarına əminliyini ifadə edib və layihələrinin icrasında onlara uğurlar arzulayıb.
MDU tələbələri olaraq Qrant Müsabiqəsində uğurlu nəticə göstərməkdən məmnunluqlarını bildirən tələbələr qalib olduqları layihələr haqqında məlumat veriblər, göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Gənclər Fondunun sözügedən Qrant Müsabiqəsi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilib. MDU-nun Təhsil fakültəsinin tələbələrindən Pənah Kərimov “Tələbə təşəbbüsü” qrant istiqaməti üzrə “Create yourself”, Hikmət Qaffarov “Gənc lider” qrant istiqaməti üzrə “Brainiest school”, Nərgiz Rüstəmova “Gənc istedad” qrant istiqaməti üzrə “Art-line” və Magistratura və Doktorantura Təhsil Mərkəzinin magistrantı Şahlar Mirzəliyev “Vətənimiz” qrant istiqaməti üzrə “Nəğməli tariximiz” layihələri ilə qalib olublar.