2024-cü il fevralın 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Gənclər Günü münasibətilə bir qrup gənc əməkdaş, tələbə və magistrantla görüşüb.
Görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov onların timsalında 2 Fevral- Gənclər Günü münasibətilə MDU-nun akademik-inzibati heyətinin gənc üzvlərini, tələbə və magistrantları təbrik edib. Azərbaycanda Gənclər Gününün qeyd olunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rektor ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün zəruri şəraitin və geniş imkanların yaradıldığını bildirib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edən Ş.Bayramov Azərbaycanın sürətli inkişafında, cəmiyyətin müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolunun önəmindən danışıb.
Rektor müasir gənclərin inkişafında təhsilin mühüm rol oynadığını diqqətə çatdırıb, bununla bağlı tələbə gənclərə müvafiq tövsiyələr verib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra Ş.Bayramov görüşdə iştirak edən gənc əməkdaşları MDU-nun inkişafında fəal iştiraklarına, tələbə və magistrantları isə qazandıqları yüksək akademik nailiyyətlərinə görə təşəkkürnamə ilə təltif edib.
Gənc əməkdaşlar və tələbələr onlara göstərilən diqqət və qayğıya görə rektora təşəkkürlərini bildirib, göstərilən etimadı daim doğruldacaqlarına söz veriblər.
Görüş zamanı “CTF (Capture the Flag)” yarışmasının iştirakçılarının sertifikatları da təqdim olunub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərlə işin təkmilləşdirilməsi və onlar üçün əlverişli ali təhsil mühitinin təmin edilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.