Bu gün dünya şöhrətli siyasi xadim, xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı Heydər Əliyevin vəfatından 20 il ötür. Xalqımız öz xilaskarının, Ulu Öndərin əziz xatirəsini böyük ehtiram və sonsuz minnətdarlıq hisləri ilə yad edir. Uzaqgörən rəhbərliyi və misilsiz xidmətləri ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən, müstəqil dövlətimizin əsaslarını yaradan və möhkəmləndirən, ictimai-siyasi sabitliyi, hərtərəfli və davamlı inkişafı təmin edən Ümummilli Liderin zəngin ideyaları və parlaq irsi bu gün də ölkəmizin dinamik inkişaf yoluna aydın işıq saçır və onu şanlı Zəfərlərə doğru inamla irəli aparır.
Bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, yüksək intellektə, güclü siyasi iradəyə və qətiyyətə, zəngin idarəçilik təcrübəsinə malik olan müdrik dövlət xadimi Heydər Əliyev milli maraqları hər şeydən üstün tutmuş, ən ağır və çətin günlərdə daim xalqının yanında olmuşdur. Ulu Öndər dəfələrlə həyati təhlükələrlə rastlaşsa da müstəqilliyimizin qorunması, gücləndirilməsi və əbədi xarakter alması naminə cəsarətli addımlar ataraq bu yolda canından keçməyə hazır olduğunu sübut etmişdir. Ümummilli Liderin vaxtilə söylədiyi “Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” kəlamlarını bu gün böyük qürurla xatırlayırıq. Əbədiyaşar lider böyük əzmkarlıq və fədakarlıqla hakimiyyətdə olduğu bütün dövrlərdə Vətən qarşısında titanik xidmətlər göstərərək hələ sağlığında xalqımızın qəlbində əbədi heykəlini ucalda bilmişdir.
“Adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazan və ümummilli lider zirvəsinə ucalan Heydər Əliyevin siyasi kursu bu gün uğurla və möhtəşəm qələbələrlə davam etdirilir”, – deyən rektor qeyd edib ki, sovet işğalından 70 il sonra ilk dəfə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qaldırılan müstəqil dövlətimizin üçrəngli bayrağı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində, o cümlədən Şuşada, Xankəndidə, Laçında, Xocalıda və işğaldan azad edilmiş digər əzəli torpaqlarımızda vüqarla dalğlanır.
Şahin Bayramov deyib: “Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində doğma yurdlarımızın işğaldan azad edilməsi məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Əminik ki, bu gün Ümummilli Liderimizin ruhu şaddır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə Ulu Öndərin vəsiyyəti və xalqımızın ən böyük arzusu yerinə yetirildi. Dahi liderin xalqımıza miras qoyduğu müasir müstəqil Azərbaycan hazırda ən qüdrətli çağını yaşayır. Azərbaycanın dünyanın siyasi arenasında və regionda nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş və söz sahibinə çevrilmişdir. Azərbaycan öz gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir, uzun illərdən sonra xalqımızın doğma yurdlarına möhtəşəm qayıdışını təmin edir. Bu gün hər bir soydaşımız Ulu Öndərin bu kəlamını qürurla ifadə edir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Mingəçevir Dövlət Universitetinin rektoru bildirib ki, Ümummilli Liderin əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq dövlət başçımızın Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. “Azərbaycan var olduqca, Heydər Əliyev ideyaları da hər zaman yaşayacaqdır. Əbədiyaşar liderin zəngin irsinin öyrənilməsi və təbliğini hər zaman şərəfli vəzifələrindən hesab edən Mingəçevir Dövlət Universitetində də “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilimiş çoxsaylı və müxtəlif formatlı tədbirlər məhz bu mütərəqqi ideyaların gənclərə aşılanmasına, vətənpərvər, dövlətə və xalqa layiq kadrların yetişdirilməsinə xidmət edir”, – deyə o əlavə edib.