Lüğətçilik sahəsində vacib addım

  • Post category:Xəbərlər (AZ)

Lüğətçilik sahəsində vacib addım

            Təhsil jurnalı

İnsanlar  və  xalqlar  bir-biri ilə,  ilk növbədə, məhz adları ilə tanış olurlar. Buna görə şəxs adlarının başa düşülməsi, qavranılıb yadda saxlanılması, şəxs adlarının düzgün yazılışı və tələffüzü  vacib  məsələlərdəndir.

Bu baxımdan, Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Mayıl İsmayılovun “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti”  (Mingəçevir, 2020)  qiymətli tədris vəsaiti kimi diqqəti cəlb edir.

Azərbaycan dilçiliyində antroponimiya sistemi A. Qurbanov, M. Adilov, Ş. Sədiyev,  Z. Verdiyeva, A. Paşayev, M. Çobanov, A. Abbasova və b. tərəfindən kifayət qədər elmi-nəzəri şəkildə öyrənilmış, bir sıra  leksikoqrafik mənbələrdə təsbit edilmişdir.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, indiyə qədər respublikamızda ingilis şəxs adlarına aid ayrıca, irihəcmli lüğət hazırlanmamışdır. Respublikanın Əməkdar müəllimi, dosent Mayıl İsmayılovun “İngiliscə- Azərbay­canca şəxs adları lüğəti”  bu sahədə ilk təşəbbüsdür.

Lüğət  dilin leksik tərkibini, söz xəzinəsini göstərən güzgüdür. Onomastik leksikanın böyük bir hissəsini təşkil edən antroponimlər (şəxs adları, soyad, ata adı, təxəllüs və s.)  xalqın mədəni tarixində böyük əhəmiyyər kəsb edir.
Tədris vəsaitinin  “Ön söz”ündə  lüğət haqqında qısa məlumat verilir, onun quruluşu işıqlandırılır.

Müəllif haqlı olaraq geyd edir ki, ingilis  şəxs adlarının yazılışı, deyilişi ilə bağlı bir sıra problemlər mövcuddur. Məsələn, eyni şəxs adının  müxtəlif variantlarda yazılması: İngiliscə Nannie – azərbay­canca Nanni, Nenni,  və ya Rand – Rand, Rend;  Albe – Albi, Elbi və s.

İngilis dilində hərf birləşmələrinin çox olması, iki və daha çox hərfin bir səsi bildirməsi də ingilis adlarının Azərbaycan dilində deyilişinə və yazılışına çətinlik yaradır.
Elə hallar da olur ki, ingilis dilində müxtəlif cür yazılan şəxs adlarını Azərbaycan dilinə eyni şəkildə çevirmək lazım gəlir:

Prissie, Prissy – Prissi

Rosie, Rossy – Rozi

Roxie, Roxy – Roksı

Nickie, Nicky – Niki

Phemie, Phemy – Feymi

Maxey, Maxie, Maxy – Maksi

Müəllif  göstərir ki, dilimizə rus dili vasitəsilə keçən  şəxs adlarında yanlışlığa daha çox yer verilmişdir. Azərbaycan və ingilis dillərində h, g, ə səslərinin işlənməsi, bu səslərin rus dilində olmaması, ingilis şəxs adlarının deyilişində və yazılışında  səhvlərə  gətirmişdir.

Azərbaycan dilində işlənən ingilis şəxs adlarının  orfoqrafiyasında vahid  prinsipə əməl olunmur.  Bəziləri hesab edir ki, ingilisdilli adlar dilimizdə olduğu kimi (ingiliscədə yazılışı kimi) yazılmalıdır.

Müəllif haqlı olaraq  göstərir ki, şəxs adlarını orijinalda olduğu kimi saxlamaq, orijinalda olduğu kimi yazmaq  heç bir dil norması ilə tənzimlənmir. Azərbaycan dilinin qrammatikası müasir prinsiplərə əsaslanır və ingilis dilindəki şəxs adları canlı danışıqda necə işlənirsə, Azərbaycan dilinin fonetikasına da o cür ötürülməli və o cür də yazılmalıdır.

Şəxs adlarından istifadə edərkən təhrifə yol vermək onomastik tələblərin pozulması  deməkdir.  Ad mədəniyyətinə riayət etmək üçün şəxs adlarının düzgün yazılışına xüsusi diqqət yetirmək lazımdır. Bu məsələdə sərbəstlik olmamalıdır  və  adların ədəbi dil normalarına uyğun formalarının işlədilməsi əsas götürülməlidir.

Müəllif  lüğətdə şəxs  adlarının tərcümə variantlarını müqayisəli şəkildə təhlil etmiş,  adların daşıdığı milli koloritin saxlanılması məsələlərinə xüsusi diqqət yetirmişdir.
Mayıl İsmayılov ingilis şəxs adlarının qeydə alındığı leksikoqrafik mənbələrdəki vahidləri, tərcümə əsərlərində və mətbuat materiallarında rast gələn antroponimləri (təxminən 3 min şəxs adı)  lüğətə daxil etmişdir.  Lüğət üzərində təxmini hesablamaya  görə, Böyük Britaniyada, ABŞ-da və başqa ingilisdilli ölkələrdə istifadə edilən təxminən 3 min şəxs adından, demək olar ki, yarısı kişi adlarına aiddir, 100-dən artıq şəxs adı  müştərəkdir ( həm kişi adlarına, həm də qadın adına aiddir).
Müəllif  lüğətdə, haqlı olaraq, ingilis və Azərbaycan dillərinin ortaq  və  ya ən  yaxın fonetik həddini müəyyənləşdirməyə çalışmış, ingilis şəxs adlarının orijinala maksimum yaxın  işlədilməsi  prinsipinə əsaslanmışdır. Bu, lüğətin müsbət cəhətlərindən biridir və aktuallığı ilə diqqəti cəlb edir.

“İngiliscə və azərbaycanca şəxs adları lüğəti”nin auditoriyası genişdir.  Lüğət şa­gird və müəllimlər, ali məktəblərin magistrantları, tələbə və pedaqoqlar, dilçi alimlər, jurnalistlər, müstəqil dil öyrənənlər, ümu­miyyətlə geniş oxucu kütləsi üçün dəyərli bir vəsaitdir.

Namaz MANAFOV,

Mingəçevir Dövlət Universitetinin dosenti,

filologiya üzrə fəlsəfə doktoru