Ölkəmiz bundan sonra da dövlətimizin başçısının rəhbərliyi ilə daha böyük uğurlara nail olacaq.

  • Post category:Xəbərlər (AZ)

Ölkəmiz bundan sonra da dövlətimizin başçısının rəhbərliyi ilə daha böyük uğurlara nail olacaq.

Azərbaycan Respublikasının iqtisadi uğurları, dövlətimizin dünyanın bir çox ölkələri ilə iqtisadi əməkdaşlığı ilbəil artmaqdadır. 2020-ci ilin sonlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi tariximizin şanlı səhifəsinə çevrilib.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev müharibə dövründə və sonra dünyanın ayrı-ayrı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dövlətimizin haqq-ədalət uğrunda, yurdumuzun ərazi bütövlüyünün təmin edilməsi yolunda savaşdığını qeyd edib. Bu günlərdə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da prezidentimiz reallıqlardan danışıb. Dövlətimizə, xalqımıza qarşı uzun illər himayədarlarının dəstəyi ilə düşmən dövlətin vurduğu zərbələrin dəhşətlərindən danışan Prezidentimiz Azərbaycanın iqtisadi inkişaf yolundakı uğurlarından, regionda liderlik etməsindən də bəhs edib.

Hələ müharibə dövrübdə Azərbaycana dəstək olduğunu dəfələrlə bəyan edən Türkiyə Respublikası ilə qarşılıqlı əməkdaşlıqların bundan sonra da davam etdiriləcəyi hər iki dövlətin daha da qüdrətlənməsinə yol açacaq. Hələ müharibədən əvvəlki dövrlərdə torpaqlarımızın geri qaytarılması ilə bağlı danışıqların getdiyi illərdə Azərbaycana qarşı biganə münasibət göstərən ermənipərəst dövlətlər təbii ki, Azərbaycanın iqtidasi inkişafını, dünya dövlətləri ilə forumlarda iştirakını, büynəlxalq tədbirlərə ev sahibliyi etməsini qəbul edə bilmirdilər.

2020-ci ilin 10 noyabr anlaşması ilk vaxtlar fikirləri çaşdırsa da, müharibənin bizim qələbəmizlə bitməsi çoxlarını məmnun etməsə də ədalət öz yerini tapdı. Doğrudur, hələ də düşmənin məkrli hərəkətlərinin qalıqları qalıb. Ərazilərə o qədər minalar basdırılmışdır ki, bunun təmizlənməsi üçün uzun zaman lazımdır. Bunun üçün Türkiyədən müasir texnika alınıb, o artıq gətirilib. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq. Həmçinin azad edilmiş torpaqlarımızda həyatın bərpa edilməsi, uzun illər məcburi köçkün kimi başqa ərazilərdə məskunlaşmış sakinlərin öz yurdlarına qayıtması üçün ilkin quruculuq işlərinə başlanıb. Prezidentimizin azad olunmuş ərazilərə səfərlərindən sonra görüləcək işlərlə bağlı verdiyi tapşırıqlar ardıcıllıqla icra edilir.

Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Bu, həm də bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir.

Vətən Müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Yəni müharibənin, işğalçılıq planlarının davam etdirilməsindən faydalanan, qarşıdurma yaradan dövlətlərin kənarda durması ədalətin zəfər çalmasına imkan yaratdı.

Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da proseslərin tərkib hissəsi ola bilər. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvür var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur.

Bəli, görüləcək işlər çoxdur. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir. Iki ölkə arasındakı hərbi əməkdaşlıq gündən-günə möhkəmlənir.

2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilməsi ordumuzun daha da güclənməsini təmin edir.

Türkiyə ilə Azərbaycanın qardaşlığının təməli o qədər möhkəmdir ki, bunu heç kim sarsıda bilməz. Buna misal olaraq Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bölgədə yeni vəziyyət yaranmışdır. Düşmən dövlət yəqin ki, anlayacaqdır ki, onlar işğalçılıq edərək özgə torpaqlarını zəbt etmişdilər.

Bu gün Ermənistanda başlanan xalq hərəkatının iştirakçıları, ermənilər bilməlidirlər ki, bu müharibə ədalətin bərpa olunması ilə başa çatıb. Azərbaycan öz torpaqlarını geri alıb. Onlar isə bizim torpaqları tərk ediblər. Bizim xalqın heç bir dövlətlə, millətlə düşmənçiliyi yoxdur. Çalışırıq ki, sülh və əmin amanlıq şəraitində həyat davam etsin, yurdumuz inkişaf etsin. Xalqımız dir daha müharibə, od alov ilə üzləşməsin. İnanırıq ki, ölkəmiz bundan sonra da dövlətimizin başçısının rəhbərliyi ilə daha böyük uğurlara nail olacaq.

 

Mirsədi Daşdəmirov

Əməkdar jurnalist