Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Layihələrin yazılması prosesi” mövzusunda modul təlimlər keçirilib. MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti, layihə meneceri Nəzakət Həsənovanın təqdim etdiyi 3 günlük təlimdə “Problem və ideya”, “Layihə təklifi” və “İcra planı və gözlənilən nəticələr” mövzularında geniş məlumat verilib.
Universitetin əməkdaşlarının fəallıq göstərdiyi təlim proqramında “Layihə nədir, nə üçün lazımdır, hansı ehtiyacdan yaranır”, “Layihə ideyasının müəyyən edilməsı”, “Layihə ideyasının əsaslandırılması”, “Təklif forması”, “Layihənin əsas hədəfi, məqsəd və vəzifələri”, “Layihənin innovativliyi”, “Layihə çərçivəsində görüləcək işlər və icra planı”, “Gəlir və xərc planı”, “Mənfəətin istifadəsi”, “Layihənin investisiya planı”, “İnvestisiyanın geri götürüləcəyi müddət”, “Risklər və onların qarşısının alınması”, “Layihənin icrasından gözlənilən nəticələr və davamlılıq”, “Layihənin monitorinqi və qiymətləndirilməsi” və bu kimi bir çox məsələlərə diqqət yetirilib.
N.Həsənova bildirib ki, layihələrin idarə olunması – işlərin həcmi, vaxt, keyfiyyət, risk və resurslar kimi parametrləri (pul, əmək, material, enerji, mühit və digər resurslar) düzgün idarə etməklə layihənin dəqiq məqsədinə çatmasını təmin edən fəaliyyət sahəsidir. Eləcə də layihələrin icrası zamanı bilik, bacarıq, metod, alət və texnologiyalardan istifadə etməklə asanlıqla hədəfə çatmaq mümkündür. Əsasən mövcud problemin və ya fikrin doğru şəkildə müəyyənləşdirilməsi layihənin uğurlu başlanğıcı deməkdir.
Təlimin modullarında layihə meneceri Nəzakət Həsənovanın təcrübəsinə əsaslanan layihələrin müvafiq quruluşu və idarə olunmasına dair ən yaxşı təcrübə nümunələri təqdim edilib.