2022-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bu ali təhsil müəssisəsinin akademik, inzibati və texniki heyət üzvləri ilə görüşüb.
Görüş iştirakçılarına bayram təbriklərini çatdıran MDU-nun rektoru Ş.Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkəmizdə “Şuşa İli” elan edilən 2022-ci ilin əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb.
Yeni dövrün universitetinə çevrilməyin başlıca strateji hədəf olduğunu bildirən Ş.Bayramov təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına, eləcə də regionun sosial-iqtisadi tərəqqisinə davamlı töhfə verən səmərəli ali təhsil mühitinin təmin edilməsinin MDU-da diqqət mərkəzində saxlanıldığını qeyd edib və bununla bağlı cari ildə əldə edilən nailiyyətlərdən danışıb.
Təhsil, elm və idarəetmə sahələrində fəaliyyətlərin məzmununun təkmilləşdirilməsi, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın inkişafı, sənaye və tərəfdaş universitetlər ilə işbirliyinin gücləndirilməsi və tələbə təşkilatlarının çoxşaxəli fəaliyyətinin təşviqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən rektor universitetin qazandığı uğurlarda pay sahibi olan bütün əməkdaşlara və tələbələrə təşəkkürünü bildirib.
Ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısından və təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioritetindən danışan Ş.Bayramov cari ildə MDU-da mövcud maliyyə imkanları nəzərə alınmaqla əməkdaşların əmək haqlarının artırılması və müvafiq həvəsləndirici mexanizmlərin tətbiq edilməsi məsələlərinin də diqqətdə saxlanıldığını deyib.
Qarşıdan gələn yeni təqvim ilində MDU-nun müasirləşməsi yolunda atılan addımların davam etdiriləcəyini diqqətə çatdıran Ş.Bayramov gələcək fəaliyyətlərdən bəhs edib və kollektiv üzvlərinə uğurlar arzulayıb. Sonra, görüşdə çıxış edən MDU kollektivi üzvləri göstərilən diqqətə və dəstəyə görə minnətdarlıqlarını bildirib və bayram münasibətilə təbriklərini ifadə ediblər. Qeyd ediblər ki, növbəti ildə də təmsil etdikləri universitetin nüfuzunun daha da artırılması və milli ali təhsil məkanında mövqeyinin gücləndirilməsi işinə layiqli şəkildə xidmət edəcəklər.